Təhlükəsizlik və Orta Şərq məsələləri üzrə tanınmış mütəxəssis, Ankaradakı Başkent Universiteti Strateji Araşdırmalar Mərkəzinin başqanı Ercan Çitlioğlunun APA-ya müsahibəsi
- Rusiya, Türkiyə və İran prezidentlərinin 22 noyabrdakı Soçi görüşündən sonra Suriya məsələsinin həllinə dair gəlinən mərhələni necə dəyərləndirirsiniz?
- Soçidəki zirvə toplantısı Suriya problemini həlli yolunda müsbət bir addım kimi dəyərləndirilməlidir. Bu addım yanvarda Astanada əldə edilən "Suriyada atəşkəsin davam etdirilməsinə nəzarət”in yeni mərhələsi xarakterindədir. Bu mənada, Soçi toplantısının təməlinin Astanada atıldığını deməliyik. Proseslərin bundan sonrakı mərhələsində Türkiyə terror qrupu hesab etdiyi PYD-ni Cenevrə danışıqlarında görmək istəmədiyini açıq şəkildə bəyan etdi. İndiki mərhələdə Rusiyanın bu tələbə müsbət cavab verməsi nəticəsində danışıqların fevral ayına təxirə saldığını görürük. Fevrala qədər ortaya hansı mənzərənin çıxacağını görmək üçün gözləmək lazımdır, ancaq Türkiyənin bu mövqeyindən güzəştə gedəcəyini düşünmürəm.
- Prezident Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada Suriya probleminin siyasi baxımdan həlli prosesində tərəflərə qapılarının açıq olduğunu dedi. Bunu necə şərh edirsiniz?
- Türkiyənin Suriyaya qarşı mövqeyində yumşalma hiss edilir. Əvvəllər Əsədin getməsini ən əsas şərtlərdən biri kimi irəli sürən Türkiyənin bu tələbi təxirə saldığı anlaşılmaqdadır. Bu vəziyyəti həm Türkiyənin Rusiya və İranla yaxınlaşaraq Suriya probleminin həllində, bir növ, ittifaqa girmələri və həm də Türkiyənin "realist siyasət” izləməyə başlaması şərtləndirdi. Soçi toplantısına "İkinci Yalta” demək üçün hələ erkəndir, daşlar hələ yerinə oturmayıb. Bu baxımdan Suriyada problemin bu qədər erkən həll ediləcəyini gözləmək də doğru deyil. Çünki hər şeydən əvvəl hal-hazırda İdlibə yerləşmiş təxminən 30-35 min "Tahrir-əş Şam” terrorçusunun oradan təmizlənməsi lazım gələcək. Afrində İŞİD terrorçuları, Fərat çayının hər iki sahilində isə PYD terrorçuları vardır. Bütün bunların təmizlənməsi üçün hərbi əməliyyatlara ehtiyac var. Ona görə də indiki mərhələdə Suriya probleminin tamamilə siyasi müstəvidə həlli mərhələsinə keçildiyini demək üçün erkəndir.
- Soçi toplantısı Qərb ölkələrinin, xüsusilə ABŞ-ın Suriyadakı və Körfəzdəki maraqlarıyla bağlı hansı planlarını ortaya çıxardı?
- Proseslər Suriya probleminin həlli istiqamətində yaradılan Rusiya-Türkiyə-İran ittifaqına qarşı ABŞ-ın İsrail, Səudiyyə Ərəbistanı, Küveyt (Qatar da qoşula bilər) kimi ölkələri yanına alaraq İrana qarşı ittifaq yaratdığını göstərir. Bu prosesdə İsrail sakitcə pərdə arxasında qalmağa çalışsa da, əsas məqsəd İsrailin təhlükəsizliyidir. Rusiya İsrail ilə münasibətlərini sakit şəkildə inkişaf etdirir, 2017-ci ildə İsrail baş naziri Netanyahu 6 dəfə Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. Bu proseslərdə Türkiyə çox həssas davranmalıdır. Çünki Suriya probleminin həlli üçün Rusiya və İran ilə qurduğu ittifaqda Türkiyə mövqe dəyişdirib ABŞ-ın ittifaqına keçsə, Astanada başlamış proseslər pozula bilər. Astana prosesini başladan üç ölkə də mövqeyində dəyişiklik etsə, Orta Şərqdə yaranmış tarazlıqlar dağıla bilər. İki qarşı ittifaqdakı ölkələrin həm ittifaq içindəki həm də fərdi şəkildə mövqelərini yaxından izləməyimiz lazımdır.
- Türkiyə ordusu bu ilin əvvəlində əl-Babda hərbi əməliyyatlar keçirdi, təxminən 2 ay əvvəl isə İdlibə "müşahidəçi heyətlər” göndərərək orada əməliyyat keçirəcəyini bildirdi. Oradakı vəziyyət barədə nə deyə bilərsiniz?
- Əvvəl də dediyim kimi, İdlibdə 35 min silahlı "Nusra” terror təşkilatı üzvü var. Orada hərbi əməliyyatların keçirilməsi qaçılmazdır. Türkiyə oraya hərbi müşahidəçi heyətləri göndərərək, bir növ, döyüşə hazırlıqlar aparır. Afrində isə həm İŞİD, həm də PYD terrorçuları Türkiyə üçün təhlükə yaradır. Türkiyə o bölgələrdə terrora qarşı hərbi əməliyyatlar aparmaqla həm Suriyada terrorun sona çatmasına dəstək verəcək, həm də öz sərhədlərini və torpaqlarını təhlükəsiz hala gətirəcək. Bunun üçün Türkiyənin həm ABŞ-dan, həm də Rusiyadan razılıq alması lazımdır. Onların razılığı olmadan sərhədin o tərəfində Türkiyənin hərbi əməliyyatlar aparması çətin görünür. Rusiya və ABŞ "yox” desə, Türkiyənin hərbi əməliyyatlar aparmaq imkanı məhdudlaşacaq. Onların icazəsi olmadan Türkiyənin hərbi əməliyyat keçirməyə cəhd etməsi isə Soçidən sonra başlayan mərhələnin baltalanması olacaq.
- Bəs Suriyanın terrorçulardan tamamilə təmizlənərək siyasi mərhələdə Şamın oradakı kürdlərə muxtariyyət verməsinə Türkiyə necə baxar? Çünki xarici işlər naziri Valid Muallim savaş bitəndən sonra kürd muxtariyyətini müzakirə edə biləcəklərini demişdi...
- Əslində Suriyada kürdlərə təkcə muxtariyyət vermək yox, onlarla federasiya qurulması təklifinə Rusiya müsbət baxır. Xarici işlər naziri Muallim o sözlərini də Moskvada demişdi. Suriyadakı kürd qruplarının dünyəvilik tərəfdarı olduqlarını gözümüzün önünə gətirəndə Moskvanın da, Dəməşqin də onlara muxtariyyət verə biləcəyinə və hətta federasiya qura biləcəyinə müsbət yanaşacaqlarını təxmin edə bilərik. İranı isə Suriyanın demoqrafik və siyasi strukturundan çox, Livan "Hizbullah”ına verdiyi dəstəyin davam etdirilməsi maraqlandırır. Dəməşqin kürdlərə muxtariyyət verərək onlarla federasiya qurmasına qarşı Türkiyənin deyə biləcəyi çox söz olacağını düşünmürəm.