Türkiyənin Düzcə bölgəsində başı kəsilən üç azərbaycanlı bu gün saat 16.00-da Türkiyədən ambulansla Marneuliyə gətirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün bundan əvvəl qətlə yetirilən 19 yaşlı Sahib Şərifovun anası və qohumları İstanbuldan 228 km məsafədə yerləşən Düzcə bölgəsinə yola düşüblər və bu gün öldürülən şəxslər Gürcüstanın Türkiyədəki konsulluğunun köməyi ilə Marneuliyə gətirilib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, başı kəsilən qadınlardan biri Türkiyə vətəndaşlığını qəbul edib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə hadisə ilə bağlı onlara rəsmi şəkildə müraciət olunmadığı bildirib.
Bununla belə, Marneulidə hadisə ilə əlaqədar bir neçə versiya dolaşır, lakin bu versiyalar da aidiyyəti təşkilatlar tərəfindən hələlik təsdiqini tapmayıb. Bəzi məlumata görə, cinayət evdə saxlanılan qızıl üstündə törədilib. Bir neçə gün əvvəl isə onların təbii qazdan zəhərləndikləri bildirilmişdi.
Qeyd edək ki, Türkiyədə başı kəsilən iki bacıdan biri türkə ərə gedib, sonra ondan ayrılıb. Öldürülən bacılardan birinin Türkiyədə bir qızının olduğu da bildirilir. Sahib Şərifov 56 yaşlı Emmanın nəvəsi olub. Sabah iki bacı və nəvə Marneulidə torpağa tapşırılacaq.
.