
Türkiyədə hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşları bu gecə də terrorçuların silahlı hücumlarına məruz qalıb.
ANS PRESS-in məlumatına görə, Van vilayətində terrorçular Jandarma bölməsini atəşə tutublar. Daha sonra isə bölmənin qarşısında park edilən bomba yüklü maşın partladılıb.
Avtomobil partladılandan sonra hərbçilərlə terrorçular arasında atışma baş verib. Ölən və yaralanan olmayıb.
Bundan başqa bir qrup PKK terrorçusu Jandarma Asayiş Komandanlığına soxulmağa çalışıb. Lakin terrorçular hərbçilər tərəfindən aşkarlnıb. Atışma baş verib. PKK terrorçuları qaçmağa məcbur olublar. Bölgəyə çoxlu zirehli texnika cəlb olunub.
PKK terrorçuları Uludərə rayonunda da Jandarma komandanlığı və polis bölməsinə silahlı hücumlar ediblər. Atışma zamanı bir dinc sakin yaralanıb. Təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyatlar keçirib.
Gizlənən terrorçuların izinə düşmək mümkün olmayıb.
Şırnak vilayətinin Cizre rayonunda isə PKK terrorçuları polis maşınını atəşə tutub. Belə ki, terrorçular yoldan keçən avtomobilləri saxlayaraq sürücülərin kimliklərini yoxlayıblar. Bu səbəbdən bölgəyə zirehli avtomobillərlə polis qrupu göndərilib.
PKK-çılar polis maşınlarını şiddətli atəşə tutub və tərəflər arasında atışma başlayıb. Nəticədə iki polis yaralanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyatlar başlayıb.