
Türkiyədə bir neçə gündür davam edən PKK mitinqləri ötən gecə Qaziantepdə 4 nəfərin ölümünə səbəb olub. Saat 21-də əllərindəki odlu silahla, dəyənəklərlə, yandırıcı maddələrlə küçələrə çıxan kürdlərlə türklər arasındakı qarşıdurma şəhərin bir neçə məhəlləsinə yayılıb. Polis və təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq, iğtişaşları gecə boyu sakitləşdirmək mümkün olmayıb. Olaylarda biri polis olmaqla 20 nəfər yaralanıb.
PKK-lılar şəhərin Güzelvadi, Vatan, Barak, Ağdərə, Aydınlar, Mevlana, Göllücə məhəllələrində yanğınlar törədib, barrikadalar quraraq polisin müdaxiləsini əngəlləməyə çalışıb. Polis olayların təşkilatçılarından 6 nəfəri həbs edib.
Türkiyə mediası yazır ki, PKK-lılar baş verənləri İŞİD-in Suriyanın Kobani şəhərinə hücumuna etiraz kimi təqdim edir.
Diyarbəkirdən başlayan, saatlar sonra Mardin, Van, Muş, Adana şəhərlərinə sıçrayan iğtişaşlarda ölənlərin sayı son rəqəmlərə görə 35 nəfərdir. Odlu silahlardan açılan atəşlə, dəyənək zərbələri ilə yüzlərlə insanın yaralandığı bildirilir.
Bingöldə isə PKK-lılar şəhərin əmniyyət müdiri Atalay Ürkərə silahlı hücum təşkil edib. Hücum zamanı Ürkərin müavini Atıf Şahin, komissar Hüseyin Hatipoğılu öldürülüb, cangüdəni Uğur Atlı isə ağır yaralanıb.
Mersində də ötən gecə Kobani iğtişaşlarında bir nəfər öldürülüb. Oktyabrın 7-də öldürülən iki PKK-lının dəfnindən gələn qrup şəhərdə yanğınlar törətməyə başlayıb. Şəxsi avtomobilləri, iş yerlərini yandıran qrupa polis müdaxilə edib. Jandarmanın açdığı atəş zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Oktyabrın 10-na keçən gecə İstanbulda da gərgin keçib. Şəhərin mərkəzi məhəllələrindən olan Okmeydanında İŞİD hücumlarına etiraz edən PKK-lılar etiraz aksiyası keçirib, sabitliyi təmin etmək istəyən təhlükəsizlik qüvvələrinə odlu silah, yandırıcı maddələr, daşlar, dəmir parçaları ilə hücum edib. Təhlükəsizlik kameraları iğtişaş tərədənlər arasında bir nəfərin polis kardonuna tərəf atəş açdığını qeydə alıb. Həmin şəxs yaxalanıb hə haqqında cinayət işi açılıb.
İstanbulun Atatürk beynəlxalq hava limanında isə PKK-lı qadınlar aksiya keçirməyə cəhd ediblər. Qarışıqlıq yaratmaq istəyən qadınlar özlərini "Savaşa Qarşı Qadın Təşəbbüsü” qrupunun üzvləri kimi təqdim edib. Aksiya başlayan kimi polis 46 qadını saxlayaraq gərginliyin artmasının qarşısını alıb./musavat.com/
.