Moskvada "Rusiya və Türkiyə: çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsi" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Türkiyə ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 95 illiyinə həsr olunan konfransın təşkilatçısı Beynəlxalq İşlər üzrə Rusiya Şurası (BİRŞ) və Türkiyənin Strateji Araşdırmalar Mərkəzidir (SAM).
Konfransda Rusiya xarici işlər naziri Sergey Lavrovun məktubu oxunub. Məktubda Moskvanın terrorla mübarizədə Ankara ilə qarşılıqlı əməkdaşlığa hazır olduğu qeyd olunub: "Bu qlobal şərə qarşı əks-fəaliyyət üçün səyləri birləşdirmək lazımdır. Moskva ilə Ankaranın bir sıra beynəlxalq məsələlərdə mövqeləri üst-üstə düşmür. Problemlərə yanaşmaları yaxınlaşdırmaq yalnız açıq fikir mübadiləsi ilə mümkündür".
Rusiyanın sabiq xarici işlər naziri, BİRŞ prezidenti İqor İvanov isə çıxışı zamanı bildirib ki, Rusiya-Türkiyə münasibətləri regionda strateji məsələlərin həllinə birbaşa aiddir: "Bizim ölkələrimiz qonşudur. Bu gün Rusiya-Türkiyə əməkdaşlığı təkcə iqtisadiyyat sahəsində deyil, humanitar sahədə də yüksək səviyyə çatıb. Biz elə bir vaxtda yaşayırıq ki, tərəfdaşlar arasında fikir ayrılıqlarının olması təəccüb doğurmur. Müasir dünyada bu normal haldır. Normal olmayan isə bir sıra siyasətçilərin öz şəxsi maraqları naminə beynəlxalq ictimaiyyəti təhlükə altında qoymalarıdır. Rusiya ilə Türkiyə bu mənada regional və qlobal siyasətdə cavabdeh oyunçulara nümunədir. Bizim ölkələr fikir ayrılıqlarına baxmayaraq heç vaxt dialoqu kəsməyiblər, bir-birinə ziyan vurmağa çalışmayıblar. Məhz buna görə də biz münasibətlərimizin gələcəyi haqqında danışa bilərik”.
Rusiya-Türkiyə münasibətlərinin Yaxın Şərqdə baş verən dərin böhran məzmunundan kənar müzakirəsinin mümkün olmadığını qeyd edən İ. İvanov İŞİD-ə qarşı birgə mübarizənin dünya düzəninin qurulmasında birgə işin başlanğıcı olacağını bildirib.
Türkiyə SAM sədri Əli Rəsul Uzul isə Vladimir Putinin səfərindən sonra Türkiyə və Rusiya arasında strateji tərəfdaşlığın formalaşdığını söyləyib: "Nəticədə biz yaranan bütün problemləri həll edəcək mexanizmləri yarada bildik. Rusiya Türkiyənin Almaniyadan sonra ən böyük tərəfdaşıdır. Qlobal təhlükəsizlik fonunda bu iki ölkənin daha da sıx əməkdaşlığa ehtiyacı var. Bu mənada Türkiyə xarici siyasətində Rusiya ilə münasibətlərinə daha böyük önəm verir. Ukrayna, Suriya böhranı və 1915-ci il hadisələrinin qiymətləndirilməsi tərəflərin əməkdaşlıq ruhunda olmalıdır. Əminəm ki, bu görüşümüz Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək".
Öz növbəsində Türkiyə xarici işlər nazirinin müavini Əli Kamal Aydın hər iki ölkənin Avrasiya məkanında siyasətə rəng qatdığını bildirib: "Soyuq müharibə"dən sonrakı dövrdə Rusiya-Türkiyə münasibətləri inkişafa qədəm qoydu. Bunu iki ölkə arasında olan ticarət dövriyyəsinin həcminə baxanda da görmək mümkündür. Rusiya-Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 30 mlrd. dollara çatıb".
Türkiyəli diplomat çıxışında Rusiya qırıcı təyyarələrinin ölkəsinin hava sərhədini pozmasına da münasibət bildirib: "Son günlər Rusiya qırıcı təyyarələrinin Türkiyə hava sərhədlərini pozması nəticəsində az qala iki ölkə arasındakı münasibətlər gərgin vəziyyətə çatmışdı. İnanırıq ki, belə hadisələr bir daha təkrarlanmayacaq. Biz Rusiya ilə sıx əməkdaşlığa üstünlük veririk".
Qonşular arasındakı münasibətlərdə hər zaman mürəkkəb anların olduğunu deyən Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov isə qeyd edib ki, bu gün Rusiya-Türkiyə münasibətləri qabaqcıl çoxplanlı əməkdaşlıqdan ibarətdir: "İki ölkə arasında intensiv siyasi dialoq aparılır. Ən yüksək səviyyədə dialoqun dinamikasına bir çox ölkələr həsəd aparırlar. Bu gün hər kəs üçün ümumi problem terrorçuluqdur. Türkiyə ilə terrora qarşı mübarizədə əməkdaşlıq birinci il deyil ki, davam edir. Biz bu əməkdaşlığı davam etdirməyə hazırıq. Suriyadakı vəziyyətlə bağlı hərbi qurumlarımız səviyyəsində əlaqələr qurulur. Bizim başlıca vəzifəmiz İŞİD-lə mübarizədir. Əminəm ki, biz İŞİD-ə qarşı mübarizədə birgə daha çox uğur əldə edə bilərik. İŞİD təhlükəsinə biz ancaq səyləri birləşdirərək qalib gələ bilərik. Son hadisələr onu göstərdi ki, belə halların baş verməməsi üçün hərbçilərimiz arasında əlaqələrin olması vacibdir".
Konfrans iki ölkənin siyasətçiləri və ekspert cəmiyyətləri üzvlərinin iştirakı ilə keçirilən plenar iclaslarla davam etdirilib.
