Azərbaycan qazını Avropaya nəql edəcək TANAP qaz boru kəmərinin tikintisi Türkiyə ilə yaranmış anlaşılmazlıqlar üzündən təxirə salınıb.
Bu barədə Türkiyənin Doğal Gaz İletim A.Ş. şirkətinin baş icraçı direktoru Saltuk Düzyol Ankarada təşkil edilmiş enerji konfransında verdiyi açıqlamada deyib.
O bildirib ki, "Şahdəniz” qazını Azərbaycan üzərindən Türkiyəyə, oradan Avropaya daşıyacaq TANAP kəmərinin inşasına bu il ərzində başlamaq planlaşdırılmışdı.
"Ancaq planlaşdırılan inşaat, kəmərin keçəcəyi ərazilərin alınması və layihədə tərəflərin payı məsələsində çıxan anlaşılmazlıqlar üzündən təxirə salınıb” - deyə Saltuk Düzyol bildirib.
Saltuk Düzyol TANAP-ın inşasına 2015-ci ildə başlamağın planlaşdırıldığını deyib.
Xatırladaq ki, TANAP kəmərinin inşasına bu il ərzində başlamaq nəzərdə tutulmuşdu və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Bakıya səfəri zamanı inşaat işlərinin ilin sonuna qədər başlayacağını bildirmişdi.
Lakin indi Türkiyə tərəfi elan edir ki, kəmərin inşası təxirə salınıb və səbəb iki ölkə arasında layihədə pay bölgüsünə dair anlaşılmazlıqların ortaya çıxması, habelə kəmərin çəkilməsi üçün torpaq sahələrinin alınmasında problem yaranmasıdır.
.