
İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi-Hava Qüvvələrinin aviasiya vasitələri sentyabrın 18-də Azərbaycana gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən "MiQ-29", "F-16" qırıcı, "Su-25" hücum və "C-130 Herkules" hərbi-nəqliyyat təyyarələri, "Mi-24", "AH-1W Super Cobra" döyüş və "Mi-17", "Sikorski UH-60" döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər.
Təlimlərdə iki ölkənin Hərbi-Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.
.