
"İŞİD-in Türkiyə ilə bağlı çağırışları cəfəngiyyatdır. Türkiyə Ordusu İŞİD-i bir neçə aya, üç-dörd həmlə ilə məhv edə bilər”.
Bu fikirləri siyasi ekspert Arzu Nağıyev terror təşkilatının İstanbulu fəthi çağırışına münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, bu bəyanatlar İŞİD-in havadarları tərəfindən razılaşdırılaraq yayılır: "Unutmaq lazım deyil ki, İŞİD necə və nə üçün yaranıb. Bu gün kimlərləsə tərəfdaş olmaq hələ o demək deyil ki, terror təşkilatı genişmiqyaslı əməliyyatlar aparsın”.
Arzu Nağıyevin sözlərinə görə, Türkiyə nə İraq, nə Suriya, nə də ki, məzhəb ayrıseçkiliyi ilə bir-birinə düşmən olan ərəb ölkələri deyil: "Türkiyə ən döyüşkən ordusu olmaqla, eyni zamanda NATO-nun üzvüdür. Türkiyəyə qarşı müharibə elan etmək həm də NATO ilə qarşılaşmaq deməkdir”.