Fasilədən sonra vəkillərin Tural Mustafayevin zərərçəkmiş statusuna xitam verilməsi ilə bağlı vəsatətinə baxıldı. Lakin vəsatət təmin olunmadı.

Bundan sonra Tural Mustafayevin atası Bulud Mustafayev ifadə verdi. B.Mustafayev dedi ki, oğlu psixi xəstə olmayıb. Göyçayda yaşayanda namaz qılıb, ibadət edib. Lakin Bakıya gedəndən sonra depressiyaya düşüb.
B.Mustafayev Xədicə İsmayılovanın "oğlunuzun intihar etmək istəməsində mənimi günahkar bilirsiniz” sualına "yox” cavabı verdi.
Məhkəmə isə B.Mustafayevin çıxışında ziddiyyətlər olduğunu deyərək onun istintaqa verdiyi ifadəsini elan etdi.
Sonra Tural Mustafayevin keçmiş həyat yoldaşı Şəfa Mustafayeva ifadə verdi. Ş.Mustafayeva münasibətlərinin əvvəllər yaxşı olduğunu, lakin Tural Bakıya gedəndən sonra aralarında problem yarandığını, Tural Rövşanə ilə nişanlanandan sonra isə boşandıqlarını dedi.
Bundan sonra "Azadlıq” radiosunun əməkdaşları Çingiz Sultansoy, Şahvələd Çobanoğlu və Samirə Ağayeva ifadə verdilər.
Şahvələd Çobanoğlu bildirdi ki, 2009-cu ildə "Fərqli düşüncə” jurnalını çıxarıb. Ş.Çobanoğlu Xədicə İsmayılova ilə əlaqəsinin olmadığını, lakin onun xətrini çox istədiyini dedi. Daha sonra Ş.Çobanoğlu "Xədicəni günahsız yerə tutmusunuz” söylədi. Hakim isə "Xədicənin vəkilləri var”- deyə bildirdi.
Çobanoğlu isə "Mən də Xədicəni müdafiə edirəm”- deyə cavab verdi.
Çingiz Sultansoy isə "Azadlıq” radiosu ilə bağlı sualları cavablandırdı.
Bununla da proses sabaha qədər təxirə salındı.

***

Bazar ertəsi jurnalist Xədicə İsmayılovanın işi üzrə prosesə müstəqil mətbuat nümayəndələri və vətəndaş cəmiyyətinin fəalları yenidən zala buraxılmayıb. Eyni zamanda X.İsmayılovanın iki qohumu, həmçinin ABŞ, Fransa, Niderland və Aİ səfirliklərinin əməkdaşları zala buraxılıblar.

Məhkəmə binasının yanına müxalifət, hüquq-müdafiə və gənclər təşkilatlarının nümayəndələri toplaşıblar.
Bu gün prosesdə "zərərçəkən” Tural Mustafayev, həmçinin şahidlər – jurnalistlər Çingiz Sultansoy, Şahvələd Çobanoğlu, hüquqşünaslar Samirə Ağayeva və Rövşanə Rəhimli (T.Mustafayevin keçmiş nişanlısı) çıxış edirlər.
T.Mustafayev ifadə verərkən bildirib ki, X.İsmayılovanın onun intihar cəhdinə bağlılığı yoxdur. Onun sözlərinə görə, öz nişanlısı ilə mübahisədən sonra bu addımı atıb. Bu barədə Turan-a vəkil Əfqan Məmmədov bildirib.
Xatırladaq ki, X.İsmayılova 2014-cü il dekabrın 5-də Tural Mustafayevin onu ölüm həddinə çatdırmaq üzrə şikayəti əsasında saxlanılıb. Sonradan T.Mustafayev bildirib ki, ifadəni təzyiq altında verib, lakin X.İsmayılovaya qarşı cinayət işi dayandırılmayıb.
Fevralda X.İsmayılovaya qarşı 179.3.2 (mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
.