Seçkilərdən sonra biz İranla razılaşma əldə edə biləcəyik.
Bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.
“Gələcəyə dair böyük ümidlər var. Amma düşünürəm ki, seçkilərdən sonra biz razılaşma əldə edə biləcəyik. Çünki onların mənimlə razılaşmamaq üçün heç bir əsası yoxdur”, – Tramp qeyd edib.
O bildirib ki, qarşı tərəf aralıq seçkiləri və onun nəticələrini gözləyir.
“Mənim üçün yeganə vacib məsələ İranın nüvə silahına sahib olmamasıdır”, – ABŞ Prezidenti deyib.
Tramp, həmçinin ABŞ-ın sursat ehtiyatları ilə bağlı iddialara münasibət bildirib.
“Xainlər məmnuniyyətlə deyirlər ki, Birləşmiş Ştatlar sayıqlığı qorumağı dayandırıb. Onların kifayət qədər sursatı yoxdur, amma bu, belə deyil”, – o bildirib.
Tramp ABŞ-da sursat istehsalının böyük miqyasda həyata keçirildiyini vurğulayıb: “Biz nəhəng miqyasda sursat istehsal edirik, ehtiyatlarımızı yeniləyirik və bunu keçmişdə heç vaxt olmadığı qədər sürətlə həyata keçiririk. Bundan əlavə, sursat istehsalı ilə bağlı planlarımız da işə salınacaq”.
İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolu təklif etdiyini, lakin Tehranın bunu qəbul etmədiyini bildirib.
Donald Tramp bunu BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı deyib.
O bildirib ki, siyasi fəaliyyətə başladığı ilk gündən İranın nüvə silahına sahib olmasına imkan verməmək məsələsində qətiyyətli olub.
“İrana nüvə silahına sahib olmağa heç vaxt imkan verməməkdə qətiyyətli idim. Mən prezident seçildikdən sonra İranla danışıqlar prosesinə başladım və nüvə proqramının dayandırması müqabilində onlara tam iqtisadi əməkdaşlıq təklif etdim. Lakin onlar bunu qəbul etmədilər. Bu, böyük səhv idi”, – Donald Tramp qeyd edib.
Trampın sözlərinə görə, daha sonra ABŞ “Operation Midnight Hammer” əməliyyatı çərçivəsində İranın nüvə obyektlərinə zərbələr endirib.
ABŞ Prezidenti vurğulayıb ki, əməliyyatdan sonra da İranla yeni razılaşma əldə etməyə çalışıb: “Sonra yenidən razılaşma təklif etdim. Onlar yenə imtina etdilər”.
Tramp İranın raket və pilotsuz uçuş aparatları arsenalının da ABŞ qüvvələri üçün təhlükə yaratdığını qeyd edib.
“Rejim böyük raket və dron arsenalı toplayaraq regiondakı ABŞ qüvvələrinə təhdid yaradırdı. Onlar Avropaya çata biləcək raket hazırlayırdılar”, – ABŞ Prezidenti əlavə edib.
.
