Hər şey yaxşı getsə, Zelenski və Putin görüşə bilər.

Bunu ABŞ lideri Donald Tramp özünün sosial şəbəkə hesabında yazıb.

“Alyaskada çox gözəl və uğurlu bir gün keçdi. Rusiya Prezidenti Vladimir Putinlə görüş çox yaxşı keçdi. Həmçinin, gecə Ukrayna prezidenti Zelenski və NATO-nun hörmətli Baş katibi, eləcə də bir sıra Avropa liderləri ilə danışığım da uğurlu oldu.

Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni sonlandırmağın ən yaxşı yolu birbaşa sülh razılaşması üçün çalışmaqdır, sadəcə atəşkəs razılaşması əldə etmək deyil” - Tramp qeyd edib.

ABŞ lideri Zelenskinin avqustun 18-də Vaşinqtona səfər edəcəyini təsdiq edib və hər şeyin qaydasında gedəcəyi təqdirdə Rusiya lideri ilə görüş üçün hazırlıq görüləcəyini bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri Alyaska görüşündə ABŞ-Rusiya-Ukrayna liderləri arasında üçtərəfli sammitin keçirilməsi mövzusunun müzakirə olunmadığını bildirmişdi.

.