ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyini azyaşlıların cinsi istismarında ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə yeni materialları dərc etməyə və onunla əməkdaşlıq edən Demokratik Partiya nümayəndələrinin adlarını açıqlamağa çağırıb.
Tramp müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yayıb.
"Epşteynlə bağlı daha 1 milyon səhifə aşkar edilib. Ədliyyə Nazirliyi bütün vaxtını demokratların uydurduğu bu mistifikasiyaya sərf etməyə məcburdur", – ABŞ Prezidenti yazıb. Onun sözlərinə görə, Epşteynlə əməkdaşlıq edənlər respublikaçılar deyil, məhz demokratlardır. "Onların bütün adlarını açıqlayın, rüsvay edin və ölkəmizə kömək etməklə məşğul olun", – o vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, radikal sol qüvvələrin nümayəndələri bu qalmaqalı qəsdən şişirdirlər ki, ictimaiyyətin diqqətini onun administrasiyasının və Respublikaçılar Partiyasının uğurlarından yayındırsınlar. O baş verənləri yenidən "növbəti cadugər ovu" adlandırıb.
.
