Mamikon Xocayanı günorta əlində vedrə görüblər: "Gedirəm üzüm yığmağa...”
Bu gün Tovuz rayonu istiqamətindən Azərbaycan sərhədini keçərkən yaxalanan erməninin 65 yox, 77 yaşı var və o, psixi xəstədir.
Virtualaz.org xəbər verir ki, News.am saytı Mamikon Xocayanın Ermənistanın Tavuş rayonunun Verin Karmiraxpur kəndinin sakini olduğunu bildirir. Kəndin başçısı Kamo Çobanyan deyib ki, 77 yaşlı Mamikon psixi xəstədir və dispanserdə qeydiyyatdadır.
"Günorta saatlarında kəndlilər onu əlində vedrə gedərkən görüblər. Soruşublar ki, hara gedirsən, cavab verib ki, gedirəm üzüm yığmağa. Qışın ortasında nə üzüm? Kənddən üzüm bağına qədər 8 kilometr yoldur. O, yola çıxıb və təsadüfən sərhədi keçib” - deyə Çobanyan bildirib.
Kənd başçısı deyib ki, Azərbaycan KİV-lərində Mamukonun fotolarını görüb və onu tanıyıb.
Virtualaz.org saytının müxbiri Tovuz rayonunun Ermənistanla sərhəd Ağdam kəndinin (Əlibəyli kəndi ilə qonşudur) sakinlərindən öyrənə bilib ki, Mamuko Xocayan hərbçilər tərəfindən Bakıya aparılıb.
Kənddən bildiriblər ki, sərhədi keçən erməninin necə tutulduğunu və onun silahlı olub-olmadığını öz gözləri ilə görməsələr də qonşu kəndin sakinlərindən eşidiblər ki, o, həqiqətən silahlı olub.
*** 19:07
Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə APA-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb: "Saat 16 radələrində Tovuz rayonunun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib”.
Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.
Xocayan Mamikanın fotoları da yayılıb.
***
Bu gün Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb. Bu barədə APA-nın qərb bürosuna Əlibəyli kənd sakinləri məlumat veriblər.
Məlumata görə, təmas xəttini keçən Ermənistan vətəndaşı kənd sakinləri tərəfindən saxlanılıb. Onun hərbçi, yaxud mülki vətəndaş olması bilinmir. Kənd İcra nümayəndəsi Valeh Rzayev faktı təsdiqləsə də, ətraflı məlumat verməyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür. MN-dən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib.
.
