Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, Lənkəranda güclü yanğın hadisəsi baş verib. Hadisə gecə saatlarında rayonun Girdəni kəndində fərdi təsərrüfatlardan birində qeydə alınıb. Nəticədə sahibkara xeyli maddi ziyan dəyib.Lənkəranın Girdəni kənd sakini,73 yaşlı Sədyar Tilim oğlu Hüseynova məxsus mal-qara tövləsindən başlayan yanğının əhatə dairəsi tez bir zamanda genişlənərək təsərrüfat sahibinin evinə keçib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların operativ müdaxiləsindən sonra yanğın lokallaşdırılıb. Yanğın nəticəsində insan ölümü baş verməsə də, Sədyar Hüseynova xeyli maddi ziyan dəyib.
Zərərçəkən Sədyar Hüseynov: "Qapıya yaxın düşmək mümkün olmadı. Kümənin ağzına ot yığmışdım. Ot yandığına görə girmək olmadı. Əgər ot olmasaydı girə bilərdik. Mal qara yandı. Quş 60 dənə idi, hamısı da yandı.”
Bundan əlavə yanğın zamanı Sədyar Hüseynova məxsus ümumi sahəsi 80 kv.m olan tövlə və içərisinə yığılmış 20 ton ot bağlaması, eləcə də yaxınlıqdakı ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndi 1 kv.m sahədə yanaraq yarasız vəziyyətə düşüb. İlkin versiya kimi yanğının elektrik xəttində baş verən qısaqapanmadan qaynaqlandığı bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri aparılan ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.
