
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ekologiya sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirib.
Bu barədə "Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, o, bunu Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində çıxışı zamanı qeyd edib.
"İqlim çağırışları sərhəd tanımır. Dünyanın bir çox dövlət və regionlarına ziyan vurur. Səhralaşma, quraqlıq, su hövzələrinin dayazlaşması, buzlaqların əriməsi və digər ekoloji problemlər kimi real təhdidlərlə mübarizə üçün birgə səmərəli strategiyalar hazırlamaq vacibdir. Buna görə də Qazaxıstanda ŞƏT-in su problemlərinin öyrənilməsi Mərkəzinin yaradılmasını dəstəkləyirik", - K.Tokayev bildirib.
O vurğulayıb ki, 2026-cı ildə ŞƏT-in yaradılmasının 25 illiyi qeyd olunacaq.
"Əminəm ki, indiki sammit konkret qərarlar qəbul edən uğurlu forum kimi beynəlxalq münasibətlər tarixinə düşəcək. Şübhəsiz ki, bu, ŞƏT-in potensialını gücləndirəcək", - K.Tokayev əlavə edib.
.