Dolların kəskin bahalaşması iqtisadiyyatın bir çox sahələrinə təsir etdiyi kimi, tikinti bazarına da təsirsiz ötüşməyib. 2015-ci ilin fevral ayından bu bazarda hökm sürən durğunluq hazırda davam edir.
Bu sözləri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən tikinti bazarının satıcıları bildirdilər. Satıcılarla söhbət edən əməkdaşımız da bazarda alıcılıq qabiliyyətinin aşağı səviyyədə olduğunun şahidi olub. "Tikinti sahəsində durğunluq uzun müddətdir var. Bir neçə il əvvələ kimi paytaxtın hər yerində çoxmərtəbəli binaların ucaldığının, körpülərin tikildiyinin şahidi olurduq. Amma indi biz bunları görmürük. Nəticədə tikinti materiallarının satıldığı bazarda alver yoxdur. Yaxşı ki, əksər mallar vaxtla deyil, yoxsa xarab olardı, biz daha çox ziyana düşərdik. Amma indi oturub alıcını gözləyirik ki, nə vaxt gələcək. Manatın devalvasiyası gəlirlərimizə mənfi təsir göstərib",-deyə satıcı gileyləndi.

Satıcılar etiraf edirlər ki, Mərkəzi Bankın "üzən məzənnə" elanından sonra bazarda qiymətlər daha da bahalaşıb. 10 ildir bu sahədə çalışdığını bildirən satıcı deyir ki, Bakıda fəaliyyət göstərən bütün tikinti bazarlarında sifarişləri geri götürülür: "Həmkarlarla əlaqələrimiz var. Bir-birimizlə söhbət zamanı vəziyyətlə maraqlanırıq. Məlum olur ki, bir neçə ay əvvəl behləşib alqı-satqı əməliyyatına sövdələşənlər artıq behlərini ikiqat qaytarmaqdan belə vaz keçməyərək sifarişlər geri götürüblər. Ev alqı-satqısı ofislərində də eyni vəziyyət yaşanır. Tikinti işləri getmir deyə daşınmaz əmlakla bağlı qiymətlərə sürətlə düzəlişlər edilir. Belə ki, qiymətlər bahalaşdırılır və bir çoxları satış elanlarını bazardan çıxardır".
.