Tibb Universitetində təhsil alan tələblər bu həftə etiraz aksiyası keçirməyi planlaşdırırlar. "Yeni Müsavat” qəzetinin yazdığına görə, onlar digər universitetlər kimi şifahi imtahanla bağlı yox, təcrübə keçdikləri M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasındakı sinif otaqlarının bərbad gündə olması ilə bağlı etiraz edəcəklər. Tələbələr iddia edirlər ki, onları hələ də sentyabrda ölkə başçısının iştirakı ilə açılışı olan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına buraxmırlar. Onlar təcrübə keçməli olduqları yeni klinikanın muzey kimi qorunduğunu söyləyirlər.
Maqsud Ibrahimov adlı tələb deyir ki, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası bu ilin sentyabrda açılıb. Açılış mərasimində universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, prezident Ilham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib: "Yeni klinikanın imkanları çox yüksəkdir. Biz tələb edirik ki, təcrübə-məşğələlərimiz burada keçirilsin. Klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. Il ərzində 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə tədrisi ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olur. Klinikada xüsusi cihazlar və simulyasiya aparatları ilə təchiz olunmuş tədris mərkəzi yaradılıb. Dövlətimizin pul ayıraraq tikdiyi klinikanı rektorumuz muzeyə çevirib. Yəni həftədə bir dəfə gedib oranı gəzirik. Sadəcə gəzirik. Təcrübə üçün Yeni Kürdəxanı qəsəbəsindəki M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına gedirik. Bizi universitetimizin qonşuluğunda yerləşən və müasir tələbələrə cavab verən yeni klinikaya göndərmək əvəzinə, Yeni Kürdəxanı qəsəbəsində yerləşən və olduqca bərbad vəziyyətdə olan klinikaya göndərirlər. Sinif otaqlarımız acınacaqlı vəziyyətdədir. Heç bir şəraitimiz yoxdur. Gedib bir-iki saat sinifdə oturub, gəlirik. Yol uzaq olduğundan çox vaxt müəllimlərimiz də dərsə gəlmir. Bu barədə bir neçə dəfə yığışıb universitetin rektoruna yazılı müraciət etmişik. Amma nə cavab almışıq, nədə problemin həll istiqamətində hər hansı bir iş görülüb”.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov mətbuata açıqlamasında bildirmişdi ki, ATU-nun öz klinikalarının tikilib istifadəyə verilməsi yüksək ixtisaslı həkim hazırlığında əsaslı dönüşə zəmin yaradıb: "Bu sahədə də dövlətimizin başçısı Ilham Əliyev öz köməyini əsirgəmədi və bizə dəstək oldu. Biz tələbatı nəzərə alaraq bir sıra ixtisaslar üzrə mütəxəssislər dəvət etdik ki, tələbələr fərdi qaydada xarici ölkələrə getməsinlər, sanballı mütəxəssislər elə burada onlarla məşğul olsunlar. Məqsədimiz tibbi təhsildə daha çox uğurlar əldə etmək və gələcəyin həkimlərinin elmi səviyyəsini artırmaqdır. Bu proqram üzrə dəvət olunmuş mütəxəssislər Azərbaycan Tibb Universitetinin tələbələri, rezidentləri və həkimləri ilə mühazirələr aparırlar. Mühazirələr terapiya-qastroenterologiya, qastro-kolonoskopiya, hepatologiya, kardiologiya-ümumi kardiologiya, ürək çatışmazlığı və aritmologiya, ümumi pediatriya və pediatrik ultrasəs müayinəsi, yeni doğulmuş uşaqların anadangəlmə ürək qüsurlarının terapevtik və operativ müalicəsi, ginekologiya-operativ laparoskopiya (histerektomiya) və uroginekologiya, diaqnostik radiologiya-mamoqrafiya kimi sahələr üzrə olacaq. Bütün bu mütəxcəssislər 6 ay-1 il ərzində burada qalacaqlar”.
.
