Britaniyanın nüfuzlu "The Financial Times” qəzeti Suriyada Bəşər Əsədin tərəfində döyüşmək üçün Suriyaya gedən şiələrin sayının sünnilərin sayına çatdığını, hətta ötdüyünü yazır.
Qəzet xarici ölkələrdən gedən şiə döyüşçülərinin hesabına Bəşər Əsədin 3 ildən çoxdur davam edən qanlı müharibədə üstünlüyü ələ alıb. Xəbərə görə, Suriyaya Azərbaycandan da şiə döyüşçüləri gedir.
"Suriyada müharibədə bölgədəki şiə icmalarını da özünə zəlb edib. Çünki bu müharibənin uduzulması Bəşər Əsəd və onu dəstəkləyən İran üçün ciddi risklər meydana çıxara bilərdi. Ona görə də müxtəlif xarici ölkələrdən şiə icmaları öz döyüşçülərini Bəşər Əsədin tərəfində döyüşmək üçün Suriyaya göndərir. Bir çox müşahidəçilərin qənaətinə görə, Suriyaya gedən şiə döyüşçülərin sayı 8-10 min arasındadır və sünni döyüşçülərin sayını ötüb” - deyə qəzet bildirir.
Məqalədə bildirilir ki, şiə döyüşçüləri Suriyaya əsasən Livan və İraqdan gedir. Lakin Azərbaycan və Əfqanıstandan da xeyli şiə döyüşçünün Bəşər Əsədin tərəfində vuruşduğu məlumdur.
"Financial Times” Suriyaya gedən şiə döyüşçülərinin sünnilərə nisbətən daha yaxşı təşkilatlandığını, daha yaxşı hazırlıq keçdiyini və təchiz olunduğunu yazır. Yazıda deyilir ki, şiə döyüşçülərini "verbovka” etmək üçün İran kəşfiyyatı şiələrin sıx cəmləşdiyi ölkələrdə ciddi iş aparır.
YouTubedə şiələri döyüşmək üçün Suriyaya çağıran videolar var. Belə videoların birində sifəti görünməyən döyüşçü deyir: "Hüseynə qoşulmağın vaxtı çatıb”.
Ekspertlər bildirir ki, Livanın cənubuna nəzarət edən "Hizbullah” təşkilatı Suriyaya minlərlə döyüşçü göndərib. Dəqiq rəqəm məlum olmasa da "Hizbullah”ın Bəşər Əsədin tərəfində döyüşən yaraqlılarının sayının 5 mindən çox olduğu təxmin edilir.
ABŞ-ın Merilend Universitetinin analitiki Filip Smit deyir ki, Tehranın sistemli dəstəyi Suriyada döyüşən şiə yaraqlılarını əcnəbi sünni döyüşçülərə nisbətən vahid qüvvəyə çevirir. Sünni döyüşçüləri Suriyaya azsaylı qruplarla gedir və dağınıq fəaliyyət göstərən silahlı qruplaşmalara qoşulurlar. Şiələr isə sistemli şəkildə fəaliyyət göstərən, yaxşı təchiz edilmiş, Bəşər Əsədin ordusu tərəfindən dəstəklənən silahlı birləşmələrin tərkibində döyüşür.
2013-cü ilin dekabrında Bəşər Əsəd məhz şiə döyüşçülərinin sayəsində paytaxt Dəməşq ətrafında üstünlüyü ələ ala bildi və sünni yaraqlıları sıxışdırdı.
Londondakı "Chatam House” mərkəzindən Yaxın Şərq üzrə ekspert Heydər əl-Xoyi deyir ki, döyüş təcrübəsi olmayan şiələr də Suriyaya gedib Bəşər Əsədin tərəfində döyüşməyə hazırdır.
"İrandan və İraqdan heç bir döyüş təcrübəsi olmayan yeniyetmələr cəmi iki həftə hazırlıq keçdikdən sonra Suriyaya - cəbhə xəttinə göndərilir. Onlar İranda hazırlıq keçirlər” - deyə ekspert bildirib.
Suriyaya göndərilən şiə döyüşçülərin ailələri isə qayğı ilə əhatə olunur. Onlar üçün səhiyyə və təhsil pulsuzdr. Xüsusən də Livan və İraqdan işsiz gənclər üçün Suriyada döyüşmək sərfəli görünür.
Lakin analitiklərin fikrincə, şiələrin səfərbər olunması hazırda Əsədin işinə yarasa da gələcəkdə onun rejimini sarsıda bilər. Çünki sünni yaraqlıları kimi şiələr də öz maraqlarını güdürlər və Bəşər Əsədi heç də xoşlamırlar. YouTubedə yerləşdirilmiş videoroliklərin birində "Kalaşnikov”la rəqs edən şiə döyüşçüləri deyir ki, onları Bəşər Əsəd yox, şiələr maraqlandırır.
"Bizim onunla ayrıca problemimiz var və Əsədlə sonra haqq-hesab çəkəcəyik” - deyə yaraqlılardan biri bildirir.
Xüsusən də İraq şiələrinin Bəşər Əsəddən zəhləsi gedir. Çünki Suriya diktatoru sünni döyüşçülərini İraqa göndərir və onlar da şiələrə qarşı döyüşürdü.
Qeyd edək ki, Azərbaycandan Suriyaya yüzlərlə radikal sünni döyüşçüsünün getdiyi, onlardan 100-dən çoxunun öldürüldüyü məlumdur. Suriyaya döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələ ictimaiyyətdə və hökumətdə narahatlığa səbəb olanda Bakıdakı vəhhabi məscidlərindən birinin imamı demişdi ki, Bakı kəndlərindən Bəşər Əsədin tərəfində döyüşmək üçün Suriyaya göndərilənlər barədə heç kim danışmır. Lakin Bakı kəndlərinin icması belə halın olduğunu inkar edirdi.
.
