“Bütün fikrimi və konsentrasiyamı sona qədər saxlamağa çalışırdım. Bu cür sakitliyi qorumaq, sevincli və ya kədərli olduğunu göstərməmək üçün çox böyük emosiyanı saxlamalı olursan”.
Bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin qalibi olan qrossmeyster çempionluq sevincini bölüşüb. Finalda Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Rəcəbov bildirib ki, qarşılaşmalar kifayət qədər gərgin alınıb: “Bu məndən çox böyük enerji aldı və çox yorğunam. Çalışdım ki, Levonu əsas matçlarda – blitsdə məğlub edim. Deyə bilərəm ki, “quru oyun” nümayiş etdirirdim. Səmimi olsam, məqsədim öz oyunumla kiminsə xoşuna gəlmək yox, yarışın qalibi adını qazanmaq idi. Çünki peşəkar şahmatçıyam. Həyəcanlı idim, ya yox, mənim üçün bir fərqi yoxdur. Çalışırdım ki, turnirin qalibi olam”.
Həmişə sakitliyi ilə diqqət çəkən Rəcəbov görüşün sonundakı emosiyalarına da aydınlıq gətirib: “Bəli, bəzən mən də emosional oluram. Bu doğurdan çətin idi və mən çox xoşbəxtəm. Sakit təbiətli insanlar tanıyıram ki, onlar əslində çox emosionaldır. Mən sadəcə emosiyalarımı göstərməməyə çalışıram. Sonda isə bunu bacarmadım. Çünki çox gərgin oyun idi və mən sonda qarşılaşmanı xilas edə bildim. Düşünürəm ki, yeni ilə bundan yaxşı başlamaq olmazdı”.
Qrossmeyster finalın ilk qarşılaşmasında Aronyanı 2,5:1,5 hesabı ilə məğlub etdikdən sonra xüsusi enerji aldığını da qeyd edib: “Ötən gün qızım mənə mesaj göndərdi. Yazmışdı ki, ata təbrik edirəm, yaxşı oyun idi, növbəti matçda da sənə uğurlar arzulayıram. Bu gün Levonun mənə xüsusilə ağ fiqurlarla çox təzyiq göstərəcəyinə əmin idim. İlk oyun mənim üçün xoş olmadı. Bir müddət tamamilə matçı uduzmuşdum. Öz sakitliyimi qorumağa çalışırdım. Oyunda məğlub olmaq istəmirdim və rəqibin şahını “tələyə” salmağın yolunu tapdım. Çox çətin idi, Levon yüksək səviyyəli şahmatçılar kimi təzyiqi davam etdirirdi. Əlbəttə, yeni ilə bundan yaxşı başlamaq olmazdı, lakin bu mənim bütün enerjimi apardı, özümü çox yorğun hiss edirəm”.
Şahmatçı qarşıdakı planlarından da danışıb. Qalib olmaqla, ABŞ-da keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə əldə edən Rəcəbov bildirib ki, əsas məqsədi təqvimdə olan digər 8 yarışda uğurlu iştirakdır. O, böyük finalda oynayacağı üçün məmnun olduğunu da sözlərinə əlavə edib.
Rəcəbov son mərhələlərdə qazandığı qələbələrin sirrini də açıqlayıb. O vurğulayıb ki, hər şey turnirə uğurlu hazırlıqdan başlayıb: “Müəyyən dərəcədə ümid edirdim ki, Maqnus Karlsenə (1/4 finalda uduzub – red.) qarşı oynamayacam. Yan Nepomnyaşi ilə mübarizədə blitsdə uduzdum və özümə dedim ki, Karlsen burda yoxdur, lakin yenə uduzuram. Buna görə də oyunumda bəzi dəyişikliklər etdim və bu qərarı vermək də müəyyən zaman aldı. Bu, yarışda özümdən əminliyim üçün çox vacib an idi. Daha sonra düşünürəm ki, necəsə mənə ikinci bir şans və ya buna oxşar bir şey verildi. Nepomnyaşi ilə ikinci blits oyunundan əvvəl fasilə götürdüm. Bilmirəm, siz elmə, enerjiyə və s. inanırsınız, ya yox. Sona qədər mübarizə aparmalı idim”.
Rəcəbov son illərdə az yarışda iştirak etməsinin səbəblərini də açıqlayıb. O bildirib ki, şahmatdan ayrılmayıb: “Hər kəsə elə gəlirdi ki, ayrılmışam. Sadəcə oynamırdım, lakin çox məşq edirdim. Çuçelovla bu gün də görüşdə lazımı gedişlər barədə müzakirələr aparmışam. 2013-cü ildə İddiaçılar Turnirində top şahmatçılara bütün oyunlarda məğlub olmuşdum. Özümə sual vermişdim ki, oynamağı dayandırmalıyammı? Mən sadəcə oynamağı saxlamışdım. Bu, davam edəcək yeganə yol idi. Çünki super turnirlərə çıxırdım və İddiaçılar Turnirindən sonra özümə əminliyi itirmişdim. Buna görə də bir növ karyeramda fasilə vermək qərarına gəldim. Çuçelov bunun peşəkar şahmatçı üçün çıxış yolu olmadığını dedi və mən də oyun üsulumu dəyişərək, rəsmi oyunlara qatıldım”.
O, qalibi olduğu Dünya Kubokundan da danışıb. Rəcəbov qeyd edib ki, həmin yarış onun üçün tamamilə bir sürpriz olub: “Mən bununla özümə əminliyimi daha yüksək səviyyəyə çatdırdım. Bundan əvvəl uzun illər, 2013-2014-cü illərdən sonra top səviyyəli bir şahmatçı hesab edilmirdim. Bu hamısı özümə əminliklə əlaqəli idi. Böyük yarışmalarda iştirak edərək, bunu bir növ geri qaytardım. Bunun üzərində çox işlədim, hələ də öz oyunum üzərində çalışıram. İlkin mərhələdəki 12, həmçinin nokaut mərhələsindəki şahmatçılardan hər biri turnirin qalibi ola bilərdi. Bu, yarışa həyəcan qatırdı. Mən də bu turnirin bir hissəsi olduğum və yekunda qalib gəldiyim üçün məmnunam”.
.