Tərtər rayonunun ermənilərlə üz-üzə dayanmış Həsənqaya kənd sakinləri icra nümayəndəsindən şikayətlənirlər.
ANS PRESS-in "qaynar xətt"inə müraciət edən kənd sakini Fəqan Həsənov kəndin icra nümayəndəsi İlqar Qasımovun özbaşınalığından təngə gəldiklərini deyir. Kənd sakinləri icra nümayəndəsinin özbaşınalığına son qoyulmazsa, radikal addımlar atacaqlarını bildirirlər.
1994-cü ildən etibarən erməni mövqeləri ilə 2 km məsafədə yerləşən kəndin sakini icra nümayəndəsinin etdikləri azmış kimi, onları hədələdiyini də bildirir. Fəqan Həsənovun iddialarına əsasən dövlət tərəfindən verilən bütün yardımları icra nümayəndəsi şəxsi evinə aparır: "Biz heç bilmirik ki, dövlət bizə nə kimi yardımlar edir. Benzin, ət, digər ərzaqları aparır tökür evinə, özü istədiyi kimi istifadə edir, kimə nə qədər istəyir o qədər paylayır.".
Sakinin şikayətləri bununla bitmir. O bildirir ki, iki il bundan öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi tərəfindən kənd sakinlərinə yardım göndərilib, imkansız ailələrə mal-qara alınıb. Amma buna baxmayaraq İlqar Qasımov sakinlərin hərəsindən 100-120 manat rüşvət toplayaraq heyvanların pullarını onlardan yığıb: "Gəlib bizə deyir ki, mən əziyyət çəkmişəm, buna görə pul verməlisiniz mənə. İcra nümayəndəsinin kasıblardan, müharibə şəraitində yaşayan insanlardan yığdığı pul verilən heyvanların qiymətindən çox edir.
Qırmızı Xaç evlərimizi təmir etmək üçün hər ailəyə 2200 AZN pul payladı. Özləri də buna nəzarət etdilər ki, vəsait təyinatı üzrə xərclənsin. Bu yandan İlqar Qasımov durub gəlir ki, mənə də pul verməlisiz. Qırmızı Xaçı kəndə mən gətirmişəm, onlara mən qonaqlıq vermişəm. Bizə verilən puldan öz payını tələb edir bu adam.
Dövlət bizə aylıq 40 litr benzin ayırıb. İ.Qasımov bu benzini özü satır, bizə vermir. Biz gedib payımıza düşən benfizi istəyəndə minnətlə 10 AZN çıxarır verir bizə. Halbuki 40 litr benzinin qiyməti 24 manat eləyir. "
Kənd sakinlərinin adından çıxış edən şikayətçi bildirir ki, Həsənqaya kəndində hamam olmayıb, Beynəlxalq Qızıl Xaç Komitəsi kənddə hamam tikdirdikdən sonra da həmin İlqar bəy yenidən rüşvət yığmaq fikrinə düşüb.
Fəqan Həsənov qeyd edib ki, problemləri ilə əlaqədar bir neçə dəfə Respublika Prokurorluğuna məktub göndərib, bütün lazım olan orqanlara üz tutub: "Hər kəs gəlib araşdırıb görüb ki, filankəs bu işləri görür, amma söhbət icra hakimiyyətinə çatanda məsələnin üstü örtülür".
Tərtər rayonu Həsənqaya kənd icra nümayəndəsi Qasımov İlqar açıqlamasında kənd sakinlərinin ittihamlarını qəbul etməyib. Qasımov kənd sakinlərin dövlət qurumlarına da şikayət etdiklərindən xəbərdar olduğunu deyib: "Bu məsələ artıq iki aydan artıqdır ki, bütün dövlət orqanları tərəfindən araşdırılır. Cənab prezidentə də müraciət olunub, rayon prokurorluğuna, icra hakimiyyətinə hər yerə mənim barəmdə şikayət yazıblar. Amma bu bir ailənin qərəzli şəkildə şər, böhtanıdır. Orada cəmi 18 ailə yaşayır, onlardan biri də mənə qarşı işlər görür".
İ. Qasımov ona atılan böhtana səbəb olaraq kənd sakininin ondan vəzifə istəməsini göstərib: "Sizə şikayət edən həmin o Həsənov Fəqan Su İdarəsində işləmək istəyir, mən də orada işləmədiyim üçün onun istəyini yerinə yetirə bilməmişəm. Buna görə mənimlə ədavət aparır".
Kənd icra nümayəndəsi həyətinə yığdığı yardımlardan da danışıb: "İndi nə yardım verilir ki, guya? Nə gətirsələr maşınla göndərirəm hamısının evinə. Şəxsi maşınım yoxdur, dövlət tərəfindən də mənə avtomobil ayrılmayıb. Həmin kənddə 18 ailə yaşayır, yardım gələn kimi taksi ilə hərənin öz evinə göndərirəm".
.