Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Avakyan Qraç sərbəst ifadə verib.

O bildirib ki, ötən ilin noyabr ayının 27-də onları Gümrüdə olan hərbi komisarlığa aparıblar:

“Bizim hamımıza silah payladılar. Silahların nömrələri yazdılar, bizə qol çəkdirdilər. Orada qeyd etdilər ki, Artur Muradyan batalyon komandirmizdir. Arsen Nazaryan isə qərargah rəisi idi. Yola düşüb Laçına gəldik. Həmin gecə maşınların içində yatdıq. Səhəri bizi “dörd yol”a gətirdilər. Həmin yerdə Rusiya sülməramlıları dayanmışdı, 4 ədəd "Ural" maşını ilə onların yanından keçdik. Biz yolumuza davam etdik. Arsen Kazaryan öz avtomobili ilə yolu açırdı. Biz aşağı düşürdük ki, Kazaryanla danışaq. Bu zaman Azərbaycan hərbiçiləri tərəfindən saxlanıldıq".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, ehtiyatda olan baş leytenatdır.

Məhkəmənin növbəti iclası iyunun 29-na təyin edilib.

.