Hollivud ulduzu aktyor Arnold Şvartsnegger Azərbaycana gələcək. O, 2014-cü ilin fevralında "Hər şeyi xatırlamalı: Mənim uğur haqqında inanılmaz dərəcədə doğru əhvalatım” adlı master-klass keçirəcək. Novoye-Vremya.com xəbər verir ki, Şvartsneggerin Bakıya səfəri Successful Strategies şirkətinin dəvəti əsasında baş tutacaq.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında 2 dövr qubernator olan məşhur aktyor Arnold Şvartsenegger 2016-cı ildə keçiriləcək prezident seçkilərində də iştirak etmək fikrindədir.
Məlumat üçün bildirək ki, Arnold Alois Şvartsenegger 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub.
Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Dünya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir.
21 yaşı tamam olanda Arnold ABŞ-a köçür. Bodibildinq məşqlərini burda da davam etdirir. O burada həmçinin Viskonsin Universitetində təhsil alır və 1979-cu ildə biznes və beynəlxalq iqtisadiyyat üzrə dərəcə alır. İdmandan gələn gəlirlərlə o daşınmaz əmlak alır və bodibilderlər üçün məşq alətləri satan şirkət açır. 22 yaşında isə
artıq milyonçu olur.
Tanınmış aktyor 1983-cü ildə Amerika vətəndaşlığını alıb.
1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. Mariya Şrayver ABŞ-ın keçmiş prezidenti olan Con Keneddinin qohumudur. ABŞ Demokratik partiyasının üzvü olan Mariya ilə evlilik onu partiyanın elitası ilə yaxınlaşdırıb. Şvartsenegger özü Respublikaçılar Partiyasını dəstəkləyir və 1980-ci ildən ABŞ-ın siyasi həyatında aktiv iştirak edir.
4 uşağı var. Arnold ürəyində 2 əməliyyat keçirmişdir və sağlamlığı ilə bağlı olaraq daima narahatdır.
.
