Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinə 2023-cü ildə 24 milyard ABŞ dolları məbləğində Xarici Birbaşa İnvestisiya (XBİ) yatırılıb.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib.
Onun sözlərinə görə, bu, 2022-ci ilə nisbətən 15 % azdır.
"TDT ölkələrinə XBİ həcmini artırmaq üçün regionda sərmayə mühitinin və iqtisadi infrastrukturun yaxşılaşdırılması sahəsində fəaliyyətlərin artırılması zəruridir. XBİ cəlb etmək və daha güclü iqtisadi münasibətlər qurmaq üçün Türk İnvestisiya Fondunun rolunun gücləndirilməsi və özəl sektorun dəstəklənməsi önəm kəsb edir. Bu həmçinin, iqtisadiyyatların şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün vacib amildir", - deyə V.Cəfərova qeyd edib.
TDAM-ın rəhbəri vurğulayıb ki, Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib: "2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3 %-lik artımla 1,48 trilyon ABŞ dollarına çatıb. Bu artım, TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsi və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılması ilə əlaqəlidir".
O əlavə edib ki, TDT ölkələri arasında ticarətin həcmi 2022-ci ildə 30,9 milyard ABŞ dollardan 2023-cü ildə 38,3 milyard ABŞ dollara yüksəlib. Bu 24 %-lik bir artımı ifadə edir.
"2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcminin 45 milyard ABŞ dolları keçib ki, bu müsbət nəticə, TDT ölkələrinin ticarət əlaqələrinin gücləndiyini göstərir. Xarici ticarətdə artım dinamikası Türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğunu və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağını göstərir", - V.Cəfərova hesab edir.
.