15 iyulda qəhrəmanlıq və xəyanət qarşı-qarşıya idi.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Türkiyə vətəndaşlarıının cəsarət və dik duruşu hesabına iyulun 15-də qəhrəmanlıq dastanı yazılıb:

“15 iyulda böyük xəyanətin də şahidi olduq və bu xəyanətə görə Türkiyə onlarla şəhid verdi. Ancaq bu gün onların mənəviyyəti bizimlədir. 15 iyulda qəhrəmanlıq və xəyanət qarşı-qarşıyaydı. Həmin gün tankların arxasında gizlənənlərlə əliyalın o tankların qarşısına keçənlərin mübarizəsinin şahidi olduq”.

N.Kurtulmuş əlavə edib ki, 15 iyul illərlə Türkiyənin daxilində türk millətinin əleyhinə plan quranların əsl üzünü göstərdi:

“Həmin hadisə bizə göstərdi ki, əsas olan gizlilik yox, şəffaflıqdır. Xarici qüvvələrə arxalanan və millətinə qarşı çevrilənlər bizi məğlub edə bilməyəcəklərini bir daha anladılar. Biz bu gün silahlı qüvvələr başda olmaqla bütün qurumlarımızın təmizləndiyini və dövlətimizin daha da gücləndiyini müşahidə edirik. İndi isə milli birlik ruhunu irəliyə apararaq terrorsuz Türkiyə inşa edirik”.

.