Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa İttifaqındakı bəzi ölkələri, ABŞ-ı narahat edir.

Yenizaman  xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

O bildirib ki, bu gün Türkiyə də ikili standartlardan əziyyət çəkir: “Türkiyənin beynəlxalq aləmdəki gücü hər gün artır, apardığı siyasət uğurlar qazanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yürütdüyü uğurlu siyasətin son dərəcə önəmli olduğunu görürük. Təbii ki, bu da bir çoxlarını narahat edir. Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa İttifaqındakı bəzi ölkələri, ABŞ-ı narahat edir. Halbuki bu məsələdə narahat olunacaq nəsə yoxdur. Əksinə, sevinmək lazımdır. Çünki Ermənistan enerjisini iqtisadi inkişafına yönəltməlidir”.

F.Oktayın sözlərinə görə, münaqişədən heç kim qazanmır. Onun fikrincə, ən yaxşı müharibə ən pis sülh razılığından daha pisdir:

“Dolayısı ilə regiondakı uğurumuzu qısqanmaq yerinə, onu təşviq etmək önəmlidir. Türkiyə olaraq bu aspektdən baxdıqda bir çox sahədə qarşımızda olan problemləri görürük. Avropa İttifaqı, insan haqları ilə bağlı qarşılaşdığımız problem də bunlardan biridir. Məsələn, Qəzzada 34 min insanın öldürülməsinə göz yumanlar və onları silahla təmin edənlərin bizə insan haqlarından danışmaları ikili standartdır. Təbii ki, problemlər hər zaman var. Lakin Türkiyənin bu kimi məsələlərə yanaşması odur ki, hər problemlə birlikdə mütləq bir füsrət yaranır. Hər ölkə ilə problemlər ola bilər, amma əsas odur ki, birlikdə çalışıb bunları yoluna qoymaq mümkündür. Ona görə də Türkiyə olaraq həll oluna biləcək məsələlərə fokuslanırıq”.

.