Bakıda taxıl kombinatının direktorunun qətli ilə bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan virtualaz.org-a daxil olan məlumatda bildirilir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Dərhal polis və prokurorluq əməkdaşlarının, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu arada bu səs-küylü qətlin bəzi təfərrüatları məlum olub. APA TV xaırladır ki, hadisə Hövsan qəsəbəsi, Bağlar massivində qeydə alınıb. Qəsəbə sakini, 1963 -ci il təvəllüdlü Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə qətlə yetirilən şəxs taxıl kombinatının direktoru olub.
Ailəli olsa da Bağırov çox vaxt bağ evində qalırmış. Ailəsi isə Hövsanda bina evində yaşayıb. Oğlu Pənah Bağırov Sabunçu rayon 30-cu polis bölməsinin əməkdaşlarına atasının bağ evində tək yaşadığını deyib. O qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi barədə ehtimalının olmadığını deyib. Pənah Bağırovun sözlərinə görə, hadisəni törədən şəxslər evin altını üstünə çeviriblər. Artıq mərhumla əlaqəsi olan bütün şəxslər 30-cu polis bölməsinə dəvət olunub. Qeyd edək ki, evdən heç nə aparılmasa da, hadisə yerindən mərhum Qalib Bağırova məxsus mobil telefon tapılmayıb. Ehtimala görə, Bağırovun öldüyünü güman edən şəxslər izi itirmək məqsədilə onun mobil telefonunu özləri ilə aparıblar.
.
