Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) layihəsi üzrə yaradılmış konsorsium şirkətləri SCADA sisteminin və fiber-optik xəttin tədarükü və təslimi üzrə işlərin həyata keçirilməsi ilə bağlı beynəlxalq tender elan edib.
Konsorsiumdan "Report"a verilən məlumata görə, seçilmiş şirklətlərlə bağlanmış müqavilə sonuncu paket müqaviləsi olacaq.
Qalib gəlmiş şirkətlər SCADA sisteminin inşası, quraşdırılnması, telekommunikasiya və təhlükəsizlik sistemlərinin təminatını həyata keçirəcək.
TAP-ın layihə direktoru Norman İngram bildirib ki, bununla TAP tədarük prosesində vacib mərhələyə daxil olur. O qeyd edib ki, SCADA və fiber-optik xətt birlikdə boru kəməri əməliyyatlarının təhlükəsiz, effektiv monitorinqini və nəzarətini həyata keçirən nəzarət sisteminin işini asanlaşdıracaq.
Seçilən şirkətlər 2016-cı ilin ortalarında elan olunacaq.
Qeyd edək ki, TAP boru kəməri ilə "Şahdəniz" yatağının ikinci mərhələsindən hasil olunan qazı Avropaya çatdırılacaq. Boru kəmərinin uzunluğu 878 km-dir və Türkiyə-Yunanıstan sərhəddində TANAP-a qoşulacaq (boru kəməri İtaliyaya qədər davam edəcək). İlkin mərhələdə bu boru kəməri ilə ildə 10 mlrd. kubmet qaz nəql olunacaq.
Xatırladaq ki, TAP-da BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.
