“1923-cü ildə M.Ə.Rəsulzadənin İstanbulda çap olunan “Azərbaycan Cümhuriyyəti” əsərinin üz qabığında istiqlal və azadlığımızın simvolu olan Bayrağımızın təsvirinin verilməsi təsadüfi deyildi. O, həmin kitabında yazırdı ki…”
Dövlət rəmzləri xalqın istək və arzularını, düşüncələrini, necə dövlət qurmaq istədiyini, onun başqa dövlətlərdən fərqli cəhətlərini qısa, lakonik şəkildə əks etdirir. Bu baxımdan onların düzgün izahı, insanlara çatdırılması siyasi, tərbiyəvi və elmi əhəmiyyət daşıyır.
Dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il Sərəncamında deyilir: ”Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.
Bir sıra araşdırmaçılr çox hallarda dövlət atributları ilə simvolların bir-birindən fərqləndiyini yazmaqdadırlar. Məsələn, türk xalqlarının yaranışı ilə əlaqələndirilən boz qurd simvolu türk xalqlarının böyük əksəriyyətinin dövlət atributlarında əks olunmur.
Ümumiyyətlə, bütün dünyada, o cümlədən bizdə atributların içərisində Bayraq xüsusi yer tutur. İnsanlarımızdan oradakı rənglərin mənası haqqında soruşduqda hamısı olmasa da, əksəriyyət “türkləşmək, müasirləşmək və islamlaşmaq” deyə cavab verir. Əvvəla, qısaca deyilmiş bu fikrin daha yaxşı, düzgün anlaşılması üçün onun mahiyyətinin bir qədər geniş açılması zəruridir. İkincisi, vətəndaşlarımızın böyük hissəsi rənglərin niyə məhz o cür düzülüşü səbəblərini də izah etməkdə çətinlik çəkirlər. Fikrimizcə, bu səbəblərdən onların geniş izahına ciddi ehtiyac vardır.
XIX əsrin ikinci yarısında müsəlman –türk dünyasının geriləməsi, özünü qoruyub saxlaması və tərəqqisi üçün İslamda azadfikirliyiyin zəruri olmasını, milli birliyin yaradılmasını vacib hesab edən Seyid Şeyx Cəmaləddin Əfqani bunun üçün Dil və Din birliyinin yaradılmasını əsas şərt kimi irəli sürərək onu yazdığı əsərlərdə geniş əsaslandırmışdı.
Rusiya məhkumu müsəlman-türklərin patriarxlarından olan İsmayıl bəy Qaspıralı C.Əfqani tərəfindən irəli sürülən bu fikirləri “Dildə, fikirdə, işdə birlik” şüarı ilə daha da zənginləşdirdi. Qeyd edək ki, “Dil və Din” birliyi, “Dildə, fikirdə, işdə birlik ”dən keçib uzun bir yol gələn “türkləşmək, islamlaşmaq və avropalaşmaq ” kimi səsləndirilən bu “nəcib şüarı” ilk dəfə dahi mütəffəkirimiz Əli bəy Hüseynzadə irəli sürmüşdür. 1905-ci ildə bu böyük fikir adamımız müsəlman-türk xalqlarının ingişaf yolunu “Türk qanlı, İslam imanlı, Firəng qiyafəli” devizini həyata keçirməkdə gördüyünü yazdı. Ancaq bundan iki il sonra , 1907-ci il iyulun 10-da o, “Füyuzat”da müasirliyin təkcə paltar, qiyafə ilə müəyyənləşə bilinməyəcəyini, bunun doğru anlaşılmayacağını, kifayət etməyəcəyini bildirib , ən əhəmiyyətlisi insanın fikir və düşüncələrinin, mədəniyyətin, elmin, demokratiyanın, bir sözlə, dünyagörüşünün, buna uyğun olaraq seçilən yaşam prinsipinin vacib olduğunu əsas götürərək bu ideyanı “Türk qanlı, Müsəlman etiqadlı, Firəng fikirli, Avropa qiyafəli” kimi əsaslandırdı. Onu da bildirək ki, Əli bəy bəzi yazılarında bu fikri “Türk hissiyatlı, İslam etiqadlı, firəng qafalı” kimi də vermişdir.
Qeyd edək ki, M.Ə.Rəsulzadə geniş təhlillərdən sonra doğru fikir irəli sürərək Ə. Hüseynzadənin “firəng qiyafəli” yaxud, “Firəng qafalı” sözünü dəyişərək “əsriyyət”, yəni zaman, müasirləşmək kimi verdi. Sonralar Ziya Göyalp İstanbulda “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələr yazaraq bu görüşü daha dərindən sistemləşdirmişdi.
M.Ə.Rəsulzadə 1914-cü ildə “İqbal” qəzetində nəşr etdirdiyi “Kənd məktubları”nda türk xalqlarının tərəqisini onların özünüdərkində, diriliyində olduğunu bildirirdi. O, diriliyin içərisində də ən vacibinin Milli dirilik olduğnu bildirib bu yolun milli dircəlişdən keçdiyini yazırdı. Məhəmməd Əmin bəy milli dirçəlişi “...Milliyyət,beynəlmiləliyyət və əsriyyət” olmaqla üc cəhətini xüsusi vurğulayıb onu belə izah edirdı: “...Milliyyətin əsasını ana dili, beynəlmiləliyyətin əsası din və əsriyyətin binası əsrə hakim olan elmlər və onun vasitəsi olan dillərin öyrənilməsidir.”
Təxminən bir ildən sonra bu məsələ haqqında fikrini daha geniş şəkildə izah edən M.Ə.Rəsulzadə “Açıq söz” qəzetinin ilk sayında “Tutacağımız yol” adlı məqaləsində yazır: ” Hər bir bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburuyyətindədir: Dil,Din, və Zaman...Dilcə biz türküz, türklük milliyyətimizdir. Ona görə müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs arzu-amalımız, işıqlı yıldızımızdır.
Dincə müsəlmanız. Hər bir din öz inananlarının arasında özünəməxsus bir mədəniyyət vücuda gətirmişdir ki,bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər bu beynəlmiləliyyəti-islamiyəyyə daxilik. Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb edir-mütləqa üç əsasa sarılmalıyız: Türkləşmək,müasirləşmək və islamlaşmaq.
Zamanca da biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqan əsrimizdəki elmlər, fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə, zəmanə adamı olmalıyıq.”
Məhəmməd Əmin bəy fikrini davam etdirərək, nəhayət, ilk dəfə milli mənliyini dərk etmiş, haqlarını anlamış, millətləşmə-dövlətləşmə prosesindən keçə bilən xalqın məqsədinə çatması üçün bayrağımızdakı rənglərin bu günkü düzülüşü fikrini irəli sürmüşdü. ”Demək ki,sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb edir-mütləqa üç əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq”.
Beləliklə, M.Ə.Rəsulzadə hələ 1915-ci ildə böyük uzaqgörənliklə Ə.Hüseynsadənin üçlü düsturuna dəyişiklik edərək Cümhuriyyət dönəmində dövlət bayrağımızda sıralanan və bu gün də müstəqil dövlətimizdə dalğalanan bayrağımızdakı rənglərin mahiyyət və mənasını, düzülüş ardıcıllığını elmi, məntiqi cəhətdən əsaslandırmışdır.
1918-ci il dekabrın 7-də Parlamentin açılışında Bayrağımızdakı rənglərin mənası haqqında M.Ə.Rəsulzadə demişdir: “...Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün... o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarınəsini (azadcasına, sərbəstcəsinə-B.Ə)) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir daha qaldırılan bayraq bir daha enməyəcəkdir”. O, bunun səbəblərini “üçrəngli o məğrur bayrağın artıq siyasətən hamımızı birləşdirməsi”, “ cəmaətimizin zehnində Azərbaycan istiqlalı fikrinin” yer tutmaşı, yerləşməsi ilə izah etmişdir.
Döğrudur, sonralar müqəddəs bayrağımız bolşevik istilası ilə bir müddət endirildi. Ancaq istilaçılar bunu bolşevik bayrağı vasitəsilə pərdələməyə çalışdılar. M.Ə.Rəsulzadə yazır:“ Bayraq əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətsə, Azərbaycan istiqlal bayrağı enmiş, parlaman küçəsində olan binanın üstündəki mavi, al və yaşıl rəngli və hilal-sitarəli bir qumaş yoxdur. Yox, əgər həqiqətdə ələladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət və istiqlalını göstərən bir timsal isə, o halda, hal-hazırda Bakı binalarının üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən başqa bir şey deyildi.”
Parlamenin açılışında bayrağımızın qaldırılması və Məhəmməd Əmin bəyin çıxışının ictimai fikir tariximizdə mühüm yer tutan şəxsiyyətlərdən biri olan Üzeyir Hacıbəylidə döğurduğu təəsüratı o belə təsvir etmişdir: ”Parlaman imarətinin içində ziynət cümləsindən çalibi-diqqət olan şey qiymətli xalılar degil idi, bəlkə fiatı ucuz, lakin mahiyyəni-milliyyə və siyasiyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi. Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: ”Türkləşmək, İslamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilməz!” - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
Vətənimiz işğal olunduqdan sonra, 1923-cü ildə M.Ə.Rəsulzadənin İstanbulda çap olunan “Azərbaycan Cümhuriyyəti” əsərinin üz qabığında istiqlal və azadlığımızın simvolu olan Bayrağımızın təsvirinin verilməsi təsadüfi deyildi. O, həmin kitabında yazırdı ki, “...Azərbaycan hürriyyət və istiqlqlının bu müqəddəs timsalı bu gün Bakının, Gəncənin və s. Azərbaycan ölkəsinin üstündə enmiş, fəqət haraya?...” Məhəmməd Əmin bəy bunun heç bir nəticə verməyəcəyini doğru olaraq qeyd edərək göstərirdi ki, istiqlal eşqi ilə yanan və hürriyyət həsrəti ilə sızlayan Azərbaycan gənclərinin ürəyi yarılsa, Vətənimizin azadlıq və istiqlalının bu müqəddəs timsalı olan bayrağın orada nəqş olunduğu görünər.
Xalqımızın şüuraltı yaddaşında göy rəng qədimdən bir neçə səbəbdən müqəddəs kimi xatırlanmış, ehtiramla yad edilmişdir. Əvvəla, o Tanrıdan, Səmadan,Göydən gəlmişdir,müqəddəsdir.
İkincisi, məlumdur ki, xalqımızın etnogenezisində mərkəzi yer tutan babamız Oğuzun Bozox və Üçox qollarından altı övladı olmuşdur: Bozoxlar: Gün, Ay, Yıldız(Ulduz); Üçoxlar: Göy, Dağ, Dəniz. Bu səbəbdən Göy Oğuz türklərinin şüuraltı qatlarında ulu baba kimi də əzizdir.
Ucalıq, böyüklük, əzəmət bildirən göy rəng həm də türk hürriyyətini, azadlığını özündə əks etdirir.
Üçüncüsü, XİX-XX yüzilin əvvəllərində baş verən proseslər nəticəsində milli azadlıq hərəkatı keyfiyyətcə yeni bir mərhələyə keçdi. O əvvəcə ümmətçilikdən türkçülüyə,sonra isə azərbaycançılığa keçmişdi. Nəticədə çarizmin “müsəlman”, “tatar” adlandırdığı xalq özünün türk olduğunu anlayaraq həm bu adı,həm də onun simvolu olan göy rəngi qəbul etmişdir.
Qeyd edək ki, Hülakülər dövlətində Göy rəngli bayraq rəsmi dövlət statusunda olmuşdur. Tanınmış istiqlqlçl şairimiz Ç.Çabbarlı “Azərbaycan bayrağı” adlı məşhur şerində yazır:
“ Bu göy boya Göy Moğollardan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!”
M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyasının bayrağının göy rəngdə olması da məhz yuxarıdakı amillərlə izah oluna bilər..
Bu gün Türk Dövlətləri Təşkilatının bayrağının göy rəndə olması da təsadüfi deyil.
Bayrağımızdakı səkkiz guşəli ulduz və ayparanın mənası da maraq doğurur. Səkkiz guşəli ulduzla bağlı müxtəlif fikir və mülahizələr irəli sürülür.Onların hər biri diqqətə layiqdir. Ancaq 1918-ci il noyabrın 9-da Cümhuriyyətin Baş Naziri Fətəli xan Xoyskinin bayrağımızın rəngi və üzərindəki simvollarla bağlı çıxışında “ulduzdakı guşələrin sayı dövlətin əski əlifba ilə yazılmış adındakı hərflərin sayına bərabərdir” fikrindən sonra başqa iddialara yer qalmır.”Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:
Eşidildi:
Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi.
Qərara alındı:Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”
Maraqlıdır ki, ulduz sözü və işarəsi də türkləin qan yaddaşında əhəmiyyətli yerlərdən birini təşkil edir. Belə ki, Oğuzun bozox qolundan üçüncü oğlunun adı Ulduzdur.
Ayın parası, Aypara haqqında Vətənimizdə və ondan kənarda araşdırmaçıların xeyli mülahizələrinə rast gəlmək mümkündür. Onlara hörmətlə yanaşmaqla bərabər, yada salaq ki, xalqımızın formalaşmasında müstəsna xidməti olan Oğuzun altı oğlundan Bozoxlardan olan ikincisinin adı məhz Aydır.
Məlumdur ki, Aypara müsəlman dünyasında əvvəlcə Osmanlı, sonralar isə bütün müsəlman dövlətlərində birlik,bərabərlik,yardımlaşma,həmrəylik,hürriyyət rəmzinə çevrilmişdir. Bu səbəblərdən qurucu babalarımızın ayparanı simvollardan biri kimi seçmələri təsadüfi olmamışdı.
Bayrağımızda ortada olan qırmızı rəng ”...müasir əfkari-əhraranəni” (müasir ictimai fikrin asad, sərbəst olması-B.Ə), Avropadakı elm və texnikaya yiyələnməklə insan haqları, demokratik düşüncəni mənimsəmək,ona əməl etməyi,sərbəst,azad olmağı nəzərdə tutmuşdu.
Çoxları tərəfindən qısaca “islamlaşmaq”kimi deyilən yaşıl rəng islam hümmətindən olmağımızı, islam mədəiyyəti və dünyasının bir parçası olmağımızı bildirmişdi.
Bayrağımızdakı rənglərin belə düzülüşü, onların mahiyyəti də çox maraqlı və əhəmiyyətlidi. Dövlət atribut kimi onun aktuallığı, elmi, siyasi əməmiyyəti bu gün də qalmaqdadır.
Hər kəsə aydındır ki, çoxmillətli dövlətdə etnik millətçilik sabitliyin pozulmasına, hətta dövlətin dağılmasına belə gətirib çıxarır. Göy rəngin belə bir təhlükə törətməmsinə məhz ortadakı qırmızı rəng, yəni insan haqları və demokratiya imkan verməmilidir.
İslam dinində olan təriqətlər arasındakı fərqləri ifrat dərəcədə qabartmaq, dini dövlət yaratmaq cəhdləri də ciddi təhlükədən biridir. Bu təhlükənin də qarşısını alan məhz insan haqları və demokratik düşüncəni özündə əks etdirən qırmızı rəngdir.
Şübhəsiz ki, böyük təhlükədən biri qırmızı rəngi əks etdirən demokratiya, insan haqlarından sui-istifadə edərək böyük güclərin beynəlmiləlçilik, multukulturalizm adı altında insanları milli mənəvi dəyərlərindən, ailə ənənələrindən uzaqlaşdırmaq, qan yaddaşını unutdurmaq cəhdləridir. Bu təhlükəni önləyən, qarşısını alan isə yuxarıdakı göy, aşagıdakı yaşıl rəngdir.
Beləliklə, əvvala bayrağımızdakı rənglərin belə düzülüşü onların bir-birinə nəzarət etməsinə, digər tərəfdən dövlətdə sabitliyin saxlanılması üçün balansın qorunub saxlanılmasına xidmət edir. Yuxarıda deyilənlərə əsaslanaraq deyə bilərik ki, türk xalqlarının tərəqqisinə nail olmaq üşün “Dil və Din birliyi”, “Türk qanlı, islam imanlı, firəng qiyafəli”, “Türkləşmək, İslamlaşmaq, müasirləşmək”dən “Türkləşmək, müasirləşmək, İslamlaşmaq” kimi ciddi surətdə əsaslandırılmış konsepsiyaya əsasən dövlət atributuna çevrilmiş bayrağımı haqda “çoxmənalı sözünün deyilməsi gəlişi gözəl ifadə olmayıb həqiqəti əks etdirir...
Boran Əziz, Bakı Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının müəllimi.
.