Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Azər Paşayevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərin hər birini ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli bilib.

Hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Hökmdən əvvəl təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını, məhkəmədən onların durumunu nəzərə almağı xahiş ediblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər prokuror Tariyel Qurbanovu hamamda çəkilmiş şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmaması müqabilində Tariyel Qurbanovdan müxtəlif məbləğlərdə pul alıblar. Dəstə üzvlərinin əməlindən ziyan çəkənlərdən biri də Mirvasif Mahmudovdur.

.