
Bu gün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə ADP-nin qərargahında "Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda keçirilən konfransda Müsavat başqanı İsa Qəmbərlə Vəhdət Partiyasının sədri Tahir Kərimli arasında mübahisə yaranıb.
Virtualaz.org saytı xəbər verir ki, T.Kərimli çıxışında "İsa Qəmbər və Əli Kərimli hakimiyyətə gələcəkləri təqdirdə ölkədə sabitlik yaradacaqlarını deməyiblər. Çünki onlar anlayırlar ki, ölkədəki bu sabitliyi qoruyub saxlaya bilməyəcəklər” deyə müxalifətçiləri tənqid edib.
T.Kərimli deyib ki, hazırda Azərbaycanda müxalifətin durumu ağır vəziyyətdədir: "Müxalifət hakimiyyətlə dialoqa getməlidir. Müxalifət bu gün hədsiz dərəcədə zəifləyib. İsa Qəmbərin də dediyi kimi, xalq müxalifətə inamını itirib. Bunun da səbəbi özümüzdədir. Mən hesab edirəm ki, biz ölkədəki vəziyyəti dəyişmək üçün hakimiyyət nümayəndələri ilə danışıqlar aparmalıyıq. Əgər buna cəhd olacaqsa, səmərə verəcəyinə ümid edirəm”.
İ.Qəmbər isə buna etiraz edib. O, cavabında bildirib ki, xalqın müxalifətə inamını itirməsi haqda fikir səsləndirməyib, onun dedikləri yanlış anlaşılıb: "Görünür, mənim fikrim yanlış anlaşılıb. Mən dedim ki, cəmiyyət hakimiyyətin dinc yolla dəyişməsinə etimadını itirib. Azərbaycan xalqı zorakı yox, dinc yolla dəyişiklik istəyir. Ona görə də xalq proseslərə fəal qoşulmur.
Mən bu tezisi yəqin düzgün izah etməmişəm ki, bəziləri bunu səhv anlayıb. Bu gün xalqın müxalifətə inamı var. Bütün seçkilərdə xalq demokratik qüvvələrin namizədini dəstəkləyib”.
Müsavat başqanı qeyd edib ki, müxalifətdə təmsil olunan siyasətçiləırin hamısı hakimiyyətlə dialoqa getməyə hazırdır: "Azərbaycan müxalifətində demokratiya və məmləkət məsələlərində hakimiyyətlə dialoqa etiraz edən bir nəfər də olsun siyasətçi yoxdur. İstər bu konfransda iştirak edən, istərsə də etməyən Azərbaycan müxalifəti radikal deyil”.
İsa Qəmbər bildirib ki, Azərbaycanda demokratiyanın olmasını istəyrilərsə, bu işə birinci siyasi partiyalardan başlamaq lazımdır.
.