Professor Rafiq Əziz oğlu Əliyevin elmi rəhbərliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Daşkənd Dövlət Texniki Universitetinin (TSTU) birgə müəlliflər kollektivi tərəfindən tələbələr üçün “Süni intellekt” dərsliyi hazırlanmışdır:

Yusupbekov, N.R., Əliyev, R.Ə., Əliyev, Rafiq R., Yusupbekov, A.N. (2024). Süni intellekt. Marifat, Daşkənd, 2024, s.556.

Bu nəşr mövcud olan S.Rassellin "Süni intellekt" və C.C.Aggarvalın "Süni intellekt" dərsliklərindən fərqlənir. Sözügedən  hər iki dərslikdə əsas diqqət“sərt” hesablamalar metodologiyasına, o cümlədən simvolik məlumatların emalına və klassik 1-ci tərtib məntiqinə yetirilir. Təqdim olunan yeni dərslik isə qeyri-səlis məntiq, hibrid sistemlər və s. kimi “yumşaq” hesablamalara əsaslanan müasir yanaşmalara fokuslanır. Dərslik həmçinin Süni İntellektin (Sİ) tətbiqlərinin yeni -  böyük verilənlərini, Əşyaların İnterneti (Əİ) və “Sənaye 4.0” kimi sahələrini əhatə edir. 

Dərslik 13 fəsildən və bir qlossaridən ibarətdir.  Problemin həlli, biliklərin idarə edilməsi, məlumatların əldə edilməsi, yumşaq hesablamalar və neyrokompütinq, maşın öyrənməsi, təbii dillərin işlənməsi, qərarların qəbulu, ekspert sistemləri, robototexnika, bulud hesablamaları vəƏİ kimi süni intellektin müasir nəzəriyyə və təcrübələrini əhatə edir. 

Sadədən mürəkkəbə doğru üslubda təqdim olunan materiallar aparıcı universitetlərin tədris proqramlarına və toplanmış beynəlxalq təcrübəyə, mürəkkəb problemlərin həllində Sİ nəzəriyyəsinin inkişafının müasir tendensiyalarına uyğundur.

Dərslik “Süni intellekt”, “Avtomatlaşdırma və idarəetmə”, “Kompüter elmləri” istiqamətləri və ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də qeyri-müəyyənlik şəraitində intellektual sistemlərin inkişafı və qərarların qəbulu ilə bağlı ixtisaslar üçün nəzərdə tutulub.
Dərslik müxtəlif ölkələrdən süni intellekt sahəsində çalışan tədqiqatçılar tərəfindən müsbət rəylər alıb.

Hazırda Özbəkistan Respublikasının “Mərifət” nəşriyyatı tərəfindən tələbələr üçün dərsliyin rus nəşri buraxılıb, azərbaycan, özbək və ingilis dillərindəki variantları çapa hazırlanır.

Texnika üzrə fəlsəfə doktoru Əziz Nuriyev
 

.