Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ötən gün başlanan Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir.
Festival müxtəlif ölkələrin kulinarlarının iştirakı ilə Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.
Mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər. Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.

.