Ölkəmizin işğaldan azad olunmuş ərazilərində yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb, Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub.

Bu barədə Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatda bildirilib.

Eyni zamanda qeyd edilib ki, müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanıb, gələcəkdə qurulacaq radio-televiziya antenaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilib. Hesablamalar zamanı Ermənistan Respublikası ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri nəzərə alınıb.

“Ölkəmizin işğaldan azad olunmuş ərazilərində radio yayım şəbəkəsinin qurulması üçün hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. Şuşa, Hadrut, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçın radio-televiziya yayım stansiyalarından radio yayımının aparılması üçün ərazinin diapazon üzrə tezlik toru araşdırılıb, istifadəyə yararlı boş olan tezliklərin siyahısı çıxarılıb, tələb olunan əhatə zonasını təmin edə biləcək radio-yayım vericilərinin gücləri hesablanıb və bütün ümumölkə radio-yayım proqramları üçün Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından yayım üçün işçi tezliklər ayrılıb”, - hesabatda deyilir.

.