Sumqayıtdakı Sülh prospektinin 36-cı məhəllə yerləşən hissəsində binalarda aparılan şüşə konstruksiyalı fasadlaşdırma işləri vətəndaşları eyvansız qoyacaq.
Bu barədə "Qafqazinfo”ya sakinlər məlumat veriblər. Xəbərdə bildirilir ki, binanın fasadlanması hazır olduqdan sonra eyvanların ölçüləri nəzərə çarpacaq dərəcədə kiçiləcək. Binanın 4-cü mərtəbəsinə qədər olan eyvanların eni 70 sm, 5-ci mərtəbədəki eyvanlar isə 60 sm olacaq. Bu isə sakinlərin ciddi narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, tikinti aparan şirkət və səlahiyyətli şəxslər mənzillərin eyvanlarının "kupça”ya daxil edilmədiyini əsas gətirirlər.
Sözügedən binalar 1964-cü ildə tikilərək əhalinin istifadəsinə verilib. Şikayətçilər deyirlər ki, onsuz da darısqal və yaşamaq üçün minimal tələblərə belə cavab verməyən bu binalarda vətəndaşların mülkiyyət hüququ pozularaq, onalarla razılaşdırılmadan eyvanlar sökülərək kiçik ölçülü eyvanlarla əvəz edilir. Hətta bir sakinin eyvanı tamamilə çıxdaş edilib: "Ən dəhşətli mənzərələrdən biri isə odur ki, həmin məhəllədə yerləşən 5/11 və 6/11 --ci binalar bitişik olduğu halda yalnız 5/11 nömrəli binada fasadlama işləri aparılır. Çünki gələn qonaqlar və ölkə rəhbərliyi buradan keçəndə əsasən 5/11 görsənir, 6/11 görsənmədiyindən bu bina elə köhnə görünüşündə qalır”.
Sakinlər bildirirlər ki, bütün bunların məsuliyyəti isə Sumqayıt Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür: "Bakı Dövlət Layihə İnstitutunun direktoru əməkdar memar İlqar İsbatovun qəbuluna düşmək isə mümkün deyil. İnstitutun direktor müavini Şakir Eyvazov Daşınmaz Əmlakın Texniki Pasportunda göstərilərək vətəndaşın mülkiyyəti hesab edilən bu eyvanların sökülməsi məsələsində aciz qalaraq sualları cavablandırmaqdan yayınır”.
.
