Dini İşlər üzrə Komitənin Sumqayıt idarəsinin rəhbərliyi neçə vaxtdır qarşıdurma yaratmağa cəhd edən dindarların hərəkətinə loyal yanaşır.
Dünən axşam saat 21:00 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Soltan” marketin yaxınlığında naməlum şəxslər arasında atışma olub. Hadisənin ilkin şahidlərinin verdiyi məlumata görə, tərəflər avtomat silahlardan və partlayıcı maddələrdən istifadə edib. Mənbə tərəflərin hər ikisinin dindar kəsim olduğunu, daha doğrusu, atışmanın Suriyada döyüşənlərlə və döyüşə getməkdən imtina edənlər arasında başlandığı bildirir. Partlayıcı maddənin istifadəsindən sonra əraziyə polislər gəlsə də, onlar ilk dəqiqələrdə tərəfləri sakitləşdirməkdə çətinlik çəkiblər. Bildirildiyinə görə, əvvəlcə tərəflər soyuq silahdan da istifadə ediblər. Məhəllədəki yük maşınlarından birində güllə və yerdə qan izləri diqqəti cəlb edib. Yaralılardan biri qaçmaq istəsə də, bir qədər irəlidə "Halal" marketin qarşısında yıxılıb. Mülki geyimli şəxslər onu maşına qoyub xəstəxanaya aparıb.
Hadisə nəticəsində ərazidə yaşayanlara da zərər dəyib. Belə ki, atışma nəticəsində bir neçə maşına ciddi xəsarət dəyib. Ərazidə yaşayan sakinlər evdən çölə buraxılmayıb.
Hadisə baş verəndən bir saata yaxın sonra şəhər polisinin əməkdaşları ərazini nəzarətə götürüblər. Artıq Travmatoloji Xəstəxanaya yaralılardan gətirilib. Amma onların sayını dəqiqləşdirmək mümkün olmayıb. Dəqiqləşdirilməyən məlumata görə, ölənlər olsa da, onların meyiti gizlədilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Sumqayıt məscidində vəhhabilərlə şiələr arasında qarşıdurma müşahidə edilmişdi. Yalnız şəhər polisinin müdaxiləsindən sonra vəhhabilər geri çəkilmişdi. Maraqlı məqam odur ki, Dini İşlər üzrə Komitənin Sumqayıt idarəsinin rəhbərliyi neçə vaxtdır qarşıdurma yaratmağa cəhd edən dindarların hərəkətinə loyal yanaşır. İdarənin rəhbəri bu yaxınlarda yandırılan "Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun yaxın qohumudur./Bizimyol.info/
.
