Saxta elektron məişət avadanlıqlarını satan mağaza şəhər sakinlərini canına doyurub
Sumqayıt şəhərində fəaliyyət göstərən "Kontakt" mağazası şəhər sakinlərini canına doyurub. Bu barədə yenizaman.az-a müraciət edən Cəbrayıl adlı şəhər sakini qeyd edir ki, son günlər sözü gedən mağazanın fəaliyyətindən ciddi narazılıqlar baş qaldırıb. Buna səbəb isə "Kontakt" mağazası vətəndaşlara sirnikləndirici vədlər verib saxta mal satmasıdır. Elə saxta məhsullardan biri də Cəbrayıla qismət olub. Cəbrayıl Sumqayıtda fəaliyyət göstərən "Kontakt” mağazasının istehlakçıları aldatdığını iddia edir. Onun sözlərinə görə, elektron məişət avadanlığının satışı ilə məşğul olan bu mağazanın istehlakçılara satdıqları malların əksəriyyəti keyfiyyətsiz çıxsa da, onlar xarab mallarına cavabdeh olmur. Amma, mal satılana qədər onlar müştəriyə yalan vədlər verir, insanları şirnikləndirib öz keyfiyyətsiz mallarını satırlar. Mal alınana qədər istehlakçıya həmin mala görə cavabdeh olduqlarını, bir il zəmanət verdiklərini bildirən mağaza rəhbərliyi mal satılandan sonra müəyyən yollarla məsuliyyətdən yayınır, insanları aldadır.
Redaksiyamıza müraciət edən digər Sumqayıt şəhər sakini İlqar Ağayev bildirir ki, o da bu mağazada bu cür fırıldaqla aldadılıb. İlqar Ağayevin sözlərinə görə, bu yaxınlarda adıçəkilən mağazadan 900 manat ödəməklə kondisioner alıb. Amma, nə az nə çox, 3 gün sonra kondisioner xarab olub. Əslində isə mağazadan ona həmin vaxt aldığı kondisionerə bir illik zəmanət verilib. Nəinki bir il, cəmi üç gün sonra kondisionerin həddindən artıq keyfiyyətsiz olması üzə çıxıb. Vətəndaş isə bu isti yay günündə evində əsl "cəhənnəm” əzabı yaşamağa başlayıb. İlqar Ağeyev zənn edib ki, aldığı malın bir il zəmanəti var və bu zəmanətə görə də ona dəymiş ziyan ödəniləcək və problem aradan qaldırılacaq. Amma, necə deyərlər, sən saydığını say, gör "Kontakt” nə sayır.
Şikayətçi deyir ki, kondisionerin zay olması barədə məlumat versə də, problem aradan qaldırılmayıb: "Kondisioneri alıb pulun ödəyib, malı evə gətirdim. Quraşdırılan gün kondisioner işləsə də, üç gün sonra xarab oldu. Zəng edib servis xidmətindən kömək istədik. Həmin gün bununla bağlı heç bir xəbər çıxmadı. 1 gün sonra servisdən usta göndərdilər. Usta həqiqətən kondisionerin işləmədiyinin şahidi oldu və bir neçə saat çalışandan sonra kondisioner işlədi. Amma, bu da çox çəkmədi, Usta yenidən kondisioneri işlək vəziyyətdə bizə təhvil verib getsə də, 1 gün sonra yenə xarab oldu”. İlqar Ağayev bildirir ki, kondisionerin xarab olması barədə mağazaya məlumat verilsə də, onlar keyfiyyətsiz malı dəyişməkdən boyun qaçırıblar.
830 manata müştəriyə sırınan saxta soyuducu
"Kontakt” mağazası tərəfindən aldadılan daha bir müştəri isə İradə Əliyevadır. İradə xanım iddia edir ki, bu mağazada satılan malların əksəriyyəti keyfiyyətsiz olur. Bu şikayətçi isə "Kontakt"dan evinə soyuducu alıb və bir müddətdir ki, özünün dediyi kimi, əməlli-başlı bəlaya düşüb: ""Kontakt"ın satdığı məhsulların əksəriyyətində defekt var. Amma bunu qətiyyən qəbul etmirlər. Onlara sübut edəndə ki, soyuducu və digər avadanlıqlarında zavoddan gəlmə qüsur var, qəbul etmirlər. Sonra da aldığın avadanlığı geri qaytarmaq istəyirsən, yenə qəbul etmirlər. Aparırlar ki, düzəltsinlər. Nə düzəldə bilmirlər, nə də malı geri qaytarmırlar. Bir dəfə gəlib düzəldib gedirlər, yenə xarab olur. Daha ikinci dəfə evdə təmir aparmırlar. Mütləq malı gəlib aparıb servislərində saxlamalıdırlar. Sonra necə düzəldirlər, malın hansı hissəsini götürürlər, hansı hissəsini dəyişirlər bilinmir. Birinci dəfə soyuducunu aparanda deyirlər ki, onların malı 3 gündən 15 günə qədər servisdə saxlayıb yoxlamağa ixtiyarları var. Yayın bu isti günlərində ailənin 3 gündən 14 günə qədərə soyuducusuz qalması yəqin ki nə dərəcədə çətindi. Əgər mən 14 gün soyuducusuz qalmalı idimsə, niyə bu qədər xərc çəkirdim? Elə soyuducusuz qalan idimsə, pulum da özümdə qalmışdı. Min bir əziyyətlə pul yığıb 830 manat verib soyuducu alım, sonra da ömrü boyu əziyyət çəkməliyəm?” Şikayətçinin dediyinə görə, "Kontakt" mağazasında hər dəfə onlarla istehlakçı aldadılır, onlara keyfiyyətsiz mallar satılır. Amma, nə şikayətçiləri dinləyib problemlərini həll edən var, nə də mağazanın özbaşınalığına son qoyan. Nəticədə mağaza istehlakçıları aldatmaqda davam edir, istehlakçılar da ziyan çəkib və soyulurlar.
.
