Sumqayıt hadisələrilə bağlı aparılmış istintaq və məhkəmə prosesləri zamanı həmin olayların əsl günahkarları məsuliyyətə cəlb olunmayıb. "Trend”in xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr edilən dəyirmi masada çıxışı zamanı bildirib.
Rüstəm Usubov qeyd edib ki, Sumqayıt hadisələrilə bağlı MTN, Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb: "Istintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmayıb, gizlədilib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb, onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb. Məqsəd Sumqayıt hadisələrinin günahkarlarını, əsasən də təşkilatçılarını üzə çıxarmaqdır”.
R.Usubov bildirib ki, hadisələrdən 26 il keçməsinə baxmayaraq, ermənilər dünya ictimaiyyətini aldatmaqdan əl çəkmirlər. Hadisələrin əsl mahiyyətini gizlədərək, onu "soyqırım” kimi təqdim etməyə çalışırlar. Halbuki, araşdırmalar göstərir ki, yüzlərlə erməninin hadisələrin baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Iş üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş, milliyyətcə erməni olmuş Eduard Qriqoryanın isə məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları çox çalışıblar. Bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.
R.Usubovun sözlərinə görə, ermənilər Sumqayıt hadisələrindən azərbaycanlılar haqqında vəhşi obrazı yaratmaq üçün istifadə ediblər və indi də edirlər: "Azərbaycanlılar tərəfindən Sumqayıt hadisələri zamanı yüzlərlə erməninin həyatı xilas edilib. Həmin ermənilər daha sonra dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildiriblər”.
R.Usubov qeyd edib ki, istintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRI-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
R.Usubovun sözlərinə görə, həmin vaxt Sumqayıtda 18 minə yaxın erməninin yaşamasına baxmayaraq, cəmi 26 erməninin ölməsi azərbaycanlıların erməniləri qorumalarını bir daha təsdiq edir. Amma ermənilər faktları təhrif edərək bildirirlər ki, ölənlərin sayı əslində çoxdur. Lakin həmin 26 nəfərin hamısının kimliyi haqqında dəqiq materiallar var.
.