Sumqayıt şəhəri son aylarda sözün əsl mənasında iqtisadi baxımdan tənəzzülə uğrayıb. Səbəb isə vətəndaşların əsas gəlir mənbəyi olan iş yerlərinin müxtəlif formalarda itirməsidir. Proses ilk öncə şəhərin mərkəzi və ən böyük alış-veriş mərkəzi olan Karvan Ticarət Mərkəzinin yanması ilə başladı. Ticarət Mərkəzinin yanması nəticəsində şəhər əhalisinə 100 milyon manatdan çox ziyan dəydi. Kifayət qədər iqtisadi ziyanla üzləşən vətəndaşlara isə bir qəpik də olsun kompensasiya ödənmədi. Şəhər əhalisinin yeganə çıxış yolu isə hər şeyə sıfırdan başlamaq idi. Lakin buna da imkan verilmədi. Belə ki, böyük ümidlərlə qısa bir zaman ərzində tikilərək yenidən onların ixtiyarına veriləcəyini gözlənilən ticarət mərkəzinin inşasına icazə verilmir. Səbəb isə inşasına icazə üçün 5 milyon manat miqdarında istənilən qeyri-leqal verginin olduğu bildirilir. İndi isə vətəndaşların yeganə ümidi şəhərin müxtəlif yerlərində yeni tikilən obyektlərə köçmək və yanmış ticarət mərkəzində taxtadan piştaxta düzəldib alver etməkdir.
Ticarət mərkəzinin yanması azmış kimi şəhərə növbəti bir zərbə isə açılışı bir neçə müddət bundan öncə ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən və şəhər əhalisinin böyük əksəriyyətinin çalışdığı STP adlı istehsalat müəssisəsindən gəldi. Belə ki, son bir neçə aydır ki, müəssisədə kütləvi şəkildə işçilərin ixtisarı həyata keçirilir. Növbəti ixtisar dalğasının Novruz Bayramından öncə olacağı bildirilir. Lakin bundan da dəhşətli olanı budur ki, ixtisar edilməyən işçilərin əmək haqları 3 aya yaxındır ki, verilmir. İşçilərin FaktXeber.com-a verdiyi məlumata görə, mart ayının əvvəlində yanvar ayının əmək haqqının yarısını alıblar. Yerdə qalan əmək haqqından isə heç bir əsər əlamət yoxdur. Səbəbini isə zavodun büdcəsində maliyyənin olmaması ilə əlaqələndirirlər.
Artıq şəhərdə böyük bir işsizlər ordusu yaranıb. Səbəbini isə yuxarıda göstərməyə çalışdıq. Onsuzda hər gün səhər Sumqayıtdan böyük əhali kütləsi çalışmaq üçün paytaxt Bakıya gəlirlər. Sumqayıtlıların üzləşdiyi mövcud durum şəhərdə ciddi sosial problemlərə və gərginliklərə yol aça bilər.
.