Onları "səma mələyi” adlandırırlar. Çünki həqiqətən göydə uçurlar, amma təyyarədə... "Səma mələyi” adlandırılan stüardessalardan biri ilə söhbətləşdik.


"Aşağıda təhlükəli böyük boşluq...”


Türkiyəli stüardessa Duyğu Kaya Samsun şəhərində doğulub. Əskişəhərdə Anadolu Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib. 


Aviasiya sahəsinə uşaqlıqdan maraq göstərib: "Hələ fakültə seçərkən bu sahə ilə maraqlandım. Ən yaxın rəfiqəmin anası stüardessa işləyirdi. Rəfiqəmin və anasının yardımı ilə özümə peşə seçdim. Mənə ailəm də dəstək verdi. Ailəm hər zaman mənim qərarlarımın arxasında durub. Ona görə hər hansı çətinliklə qarşılaşmadım”. 


Həmsöhbətim deyir ki, təyyarə bələdçisi olanacan heç vaxt təyyarəyə minməyib: "2009-cu ildə "SKY” hava yolları şirkətində bu peşədə ilk addımımı atdım. O vaxtdan hər dəfə stüardessa formasını geyinib təyyarəyə minəndə çox düzgün qərar verdiyimi anlayıram. Təzə-təzə başlayanda fərqli hisslər keçirirdim. Bir yandan qorxurdum, bir yandan həyəcanlanırdım. 

 

Amma çox məsuliyyətli işin altına çiyin verdiyimin də fərqindəydim. Çünki bu peşənin xoş tərəfi olduğu kimi, hər an ölümlə burun-buruna gəlmə riski də var. Aşağı böyük və təhlükəli boşluqdu... 


Ona görə hər uçuş öncəsi stüardessalara təlim keçilir, ölüm riski təkrar bizə xatırladılır. Onlarla insanın həyatına bu və ya digər dərəcədə məsuliyyət daşıyırıq. Uçuş zamanı bir sərnişinin belə burnu qanayarsa, ilk tibbi müdaxiləni biz eləyirik”.

 

Həmsöhbətimin sözlərinə görə, təyyarə bələdçisi olmaq yalnız sərnişinlərə çay-kofe gətirmək deyil: "Sərnişinə yemək vermək bələdçi işinin görünən hissəsidir. Bu peşədə hər saniyənin önəmi var. Əksər insanlar kimi sakit bir həyat sürmürsən. Sürətli, bir az da çətin olan bu işə başlayandan sənin ayrıca həyatın olur. Bəzən sabah üçün özünə plan belə qura bilmirsən. Sabaha zəmanətin olmadığını düşünəndə sıxıntıların problem olmadığını görürsən. Bəlkə də bu bizim peşədən irəli gəlir. 


Ona görə həyatı olduğu kimi yaşamağa, olduğu kimi qəbul etməyə başladım. Həyat nə bəxş edirsə, onu alıram, ondan zövq duyuram. Həyatımı peşəmə uyğun qurdum və ona müvafiq yaşayıram”.


Bir ay ərzində 110 saat uçuş edən Duyğu Kaya deyir ki, bu iş kənardan asan görünür: "İnsanlar bir dəfə uçandan sona neçə saat yatırlar, dincəlirlər ki, səyahətdən yorulublar. Biz ayaq üstə işləyirik, bir reys ərzində təyyarədə o baş-bu başa gəzirik. Bu proses hər iş günü təkrarlanır. Ayda 110 saat təyyarə ilə uçuş payımız var, mülki aviasiyanın qanunu belədir. Qanun nə tələb edirsə, ona uyğun işləyirik. Bu sahədə heç bir halda qanundan kənara çıxa bilməzsən”.

 

Bələdçinin sözlərinə görə, bu peşənin ən gözəl tərəflərindən biri fərqli mədəniyyətləri kəşf etmək şansıdır: "Öz ölkənin insanlarından başqa, onlarca fərqli millətin nümayəndələri ilə təmasda olursan. Bir çox şəhərləri görmək fürsəti qazanırsan. Ən əsası, hər kəs tərəfindən maraqla qarşılanırsan. Belə bir peşəyə sahib olmaq məni qürurlandırır”. 


Terrorla mübarizə dəstəsi,  rəsmi şəxslər...


Həmsöhbətim deyir ki, çalışdığı sahədə unutmadığı xatirələri çoxdur, amma biri var, onu daha tez-tez yada salır: " İlk iş ilimin son ayında, 31 dekabr günü uçuşa yazılmışdım. Antalya-Düsseldorf-Antalya uçuşunu həyata keçirirdik. Antalyadan qalxıb Düsseldorfa problemsiz çatdıq. Eyni qaydada orda sərnişinlərimizi götürüb, problemsiz şəkildə təyyarəmizi hazırladıq. Məlum oldu ki, 85 sərnişinimizdən biri təyyarəyə pnevmatik silahla keçmək istəyib. Bu barədə təyyarə kapitanına məlumat verildi və o sərnişin təyyarəyə buraxılmadı. 84 sərnişinlə Antalyaya geri dönüş uçuşuna başladıq. 

 

Biz havaya qalxdıqdan az sonra Düsseldorf hava limanından təyyarəmizlə bağlı bomba xəbərdarlığı aldıq. Təyyarənin kapitanı həm heyətin, həm də sərnişinlərin təşvişə düşməməsi üçün əvvəlcə heç kimə məlumat verməməyi məsləhət bildi. Bu müddət ərzində üzərindən keçdiyimiz heç bir ölkə bizim təyyarə ilə əlaqəyə girmədi. Sadəcə Yunanıstanın üstündən uçarkən təyyarədə neçə sərnişinin olduğunu soruşdular. Kapitan pilotumuz təyyarə haqqında məlumatı çatdırdı və bizimlə təkrar əlaqə kəsildi. 


Türkiyə hadisədən xəbərdar olan kimi rəsmi Ankara ilə Antalya arasında çox gərgin və stresli qərarlar alındı. Hətta bizi havada ikən partlatmaqmı yoxsa, "seçilmiş hava limanı”na (partlama ehtimalına qarşı lazımi tədbirlər görülmüş hava limanı) eniş etdirməkmi fikirləri müzakirə olunub. Sonra bizi "seçilmiş hava limanı”a endirməyi doğru hesab ediblər və Əskişəhərdən havaya qalxmış iki F-16 qırıcı təyyarənin müşayiəti ilə nəhayət, Antalyaya endik. Aşağıda bizi çoxsaylı aidiyyəti şəxslər gözləyirdi. 


Terrorla mübarizə qrupu, bomba əleyhinə mütəxəssislər, yanğın əleyhinə briqada və çoxlu başqa insanlar vardı. Limana endikdə yarım saatdan artıq təyyarədə gözlədik. Nərdivan söykəndi,  qapılar açıldı, bizi şirkətin rəhbəri qarşıladı. O, qorxulu baxışlarla bizi salamat gördükdə sevincindən ağlaya-ağlaya hamımıza tək-tək sarıldı. Mən həmin günü heç vaxt unuda bilmirəm. Bu cür hadisə əslində bu peşənin bütün çətinliklərini göz önünə gətirir”.

 

"Peşə sirrini yalnız özümüz bilməliyik”


Duyğu Kaya deyir ki, xarici dili yaxşı bilən, zahiri görünüşü, boyu, çəkisi yerində olan, məsuliyyət duyğusu yüksək hər kəs bu peşəni seçə bilər: "Stüardessa sənətində ingilis dili başlıca amillərdəndir. Çünki hava məkanının ana dili ingiliscədir. Əlavə dil bilmək sənin xeyrinədir. Bunlarla yanaşı, gərək bu peşəni sevəsən, yoxsa müvəffəq ola bilməzsən. Mənim stüardessa olmağımda ən böyük səbəb ətrafımdakı insanların bu peşəni mənə yaraşdırması, səyahəti, gəzməyi sevməyim və bunun üstün bir peşə olduğuna bəslədiyim inancımdı. Ən əsası, əvvəldə qeyd etdiyim kimi, bu, uşaqlıq xəyalımdı”.

 

Hər dəfə işə başlayanda rəhbər işçilərdən təlimat aldıqlarını söyləyən həmsöhbətim əlavə edir ki, təyyarənin kapitanı dispetçer ofisində lazımi uçuş məlumatlarını, xidmət personalı isə bort rəhbərindən gərəkli bilgi alır: "Bu barədə ətraflı danışa bilməyəcəm, çünki bunlar həm də peşə sirridir və yalnız özümüz bilməliyik. Bunlar sərnişinlərin təhlükəsiz uçmasına xidmət edən məlumatlardır. 


Sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün ən incə ayrıntılar dəqiq analiz olunur və tədbirlər görülür. Uçuşdan əvvəl təyyarədəki bütün qəza xilasedici avadanlıqları, sərnişin oturacaqlarının üzərində olan qoruyucu kəmərlərin vəziyyəti qəza xilasetmə kartlarının olub-olmadığı araşdırılır, baqaj rəfləri yoxlanır.  Unudulmuş əşya aşkar olunduqda akt əsasında təhvil verilir. Uçuş zamanı qarşılaşdığımız hər təhlükəli situasiyada ən əsası soyuqqanlı olmaqdı. Soyuqqanlı olmalısan, öyrəndiklərini inanaraq tətbiq etməlisən və heyətlə mütəmadi fikir mübadiləsi aparmalısan”.

 

Biznes-klasla ekonom-klass arasında nə fərq var?


Duyğu Kaya deyir ki, biznes-klasla ekonom-klass arasında əsla fərq ola bilməz: "Hər kəs insandır, hər kəsə eyni hörməti göstərməliyik. Arada tək fərq onlara təqdim olunan əlavə yemək və işçilərin sayındadır”.


Uçduğu ölkələrin sayını bilməyən müsahibimin sözlərinə görə, ən uzun uçuş 10 saat sürüb: "Əslində o qədər də uzun uçuş sayılmır. Bizim peşədə hamiləlik vaxtı, yaxud analıq məzuniyyətinə çıxanda istəsən şirkətin razılığı əsasında ofislərdən birində işləyə bilərsən”.   


İşini qürurla yerinə yetirən Duyğu Kaya bir müddət sevdiyi peşədə çalışmağa fasilə verib: "Ailə qurduğuma görə işimə fasilə vermək qərarına gəldim. Bu müddət ərzində iki övladım doğuldu. Hazırda iki uşaq anasıyam. Kiçik övladım 1 yaşına qədəm qoyan kimi təkrar aşiq olduğum işimə döndüm...”


P.S. Duyğu Kaya Türkiyənin məşhur hava şirkətində çalışır. Ona uğurlar arzulayır və tezliklə azərbaycanlı "səma mələyi"ndən  də müsahibə alacağımızı düşünürük. Hərçənd bizim mələklər çox ucadan uçur...   




.