"Biz bu iki gündə Alyansımızı gələcəyə uyğunlaşdırmaq üçün vacib qərarlar aldıq".
Bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən NATO Sammitinin yekununa dair mətbuat konfransında deyib.
"Biz "Soyuq Müharibə"dən bəri NATO-nun ən detallı və güclü Müdafiə Planı barədə razılığa gəldik, müdafiə sahəsinə investisiyaların artırılmasına sadiqliyimiz daha da gücləndirdik, biz Ukraynanı Alyansımıza daha da yaxınlaşdırmaq və bu ölkəyə uzunmüddətli yardımın təmin olunması barədə razılıq əldə etdik və dünyanın müxtəlif nöqtələrindəki tərəfdaşlarımızla əməkdaşlığı daha da dərinləşdirdik", Yens Stoltenberq bildirib.
O xatırladıb ki, bu gün Ukrayna-NATO Şurasının ilk iclası keçirildi: "Bundan sonra Ukrayna və NATO bərabər tərəfdaşlar kimi çıxış edəcək ki, bu da Ukraynanı Alyansa daha da yaxınlaşdıracaq. Bu sammitdə NATO-nun aparıcı müttəfiqlərinin Ukraynaya yeni hərbi yardım paketlərini elan etməsini də alqışlayıram. Rusiyanın işğalına qarşı NATO müttəfiqləri indiyə qədər Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım edib. On minlərlə ukraynalı hərbçi NATO ölkələrində təlim keçib və keçir. Ukrayna torpaqlarını azad etməyə davam etdiyi zamanda ehtiyac olduğu müdəttə qədər biz Ukraynanın yanında dayanacağıq. Ukrayna indi NATO-ya heç vaxt yaxın olmadığı qədər yaxındır. Müttəfiqlər təsdiqləyir ki, Ukrayna NATO-nun üzvü olacaq".
NATO Baş katibi vurğulayıb ki, Moskvanın Ukraynada apardığı müharibə və Çinin təzyiq yönümlü siyasəti NATO-nun Aİ və Hind-Sakit Okeanındakı tərəfdaşları ilə daha yaxın əməkdaşlığını vacib edir.
.
