Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-9-da Azərbaycanda səfərdə olacaq.
Bu barədə "Trend"-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Avropa komissarının Azərbaycana səfərinin məqsədi Bakıda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak etməkdir.
Bu görüşün keçirilməsi təşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib.
Ş.Fülenin Azərbaycan rəsmiləri ilə Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 8-də "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü ilə yanaşı, sentyabrda 9-da Bakıda "Şərq Tərəfdaşlığı" ölkələrinin energetika və iqtisadiyyat nazirlərinin də qeyri-formal görüşünün keçirilməsi planlaşdırılır.
Azvision.az xatırladır ki, Azərbaycanla bağlı qərəzli çıxışları ilə yadda qalan Füle son hesabatında da ölkəmiz əleyhinə fikirlər səsləndirib. Məhz bu tip çıxışlarına görə, bəzi ekspertlər onu "mehriban düşmən" adlandırırlar.
.
