Avropa İttifaqının genişlənmə və Avropa siyasəti üzrə komissarı Ştefan Füle Şərq Tərəfdaşlığı ölkələri üzrə Vışeqrad qrupu ölkələrinin xarici işlər nazirlərinin Budapeştdə keçirilən iclasında çıxışı zamanı Brüsselin "Azərbaycan və Ermənistan ambisiyaları” haqda danışıb.
Virtualaz.org saytı Avropa İttifaqının rəsmi informasiya resursuna istinadən xəbər verir ki, Ştefan Füle çıxışında bir neçə gün əvvəl Praqada keçirilən Şərq Tərəfdaşlığı sammini xatırladıb.
"Cəmi bir neçə gün əvvəl biz Praqada Şərq Tərəfdaşlığının 5-ci ildönümü ilə bağlı toplaşdıq. Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin indiki müşavirəsi bizim Şərq Tərəfdaşılığına sadiqliyimizi növbəti dəfə göstərir. Fürsətdən istifadə edərək bəyan edirəm ki, bu siyasət yeni bölücü xətlərin yaradılmasına yönəlməyib. Bu, başqalarının hesabına sıfır hesabla aparılan oyun deyil, imkanlar yaradan siyasətdir” - deyə Füle bildirib.
Komissar deyib ki, Şərq Tərəfdaşlığının əsas prinsipi ümumi dəyərlərin - insan haqlarına və azadlıqlarına, demokratiyaya, qanunun aliliyinə, ölkələrin azad və suveren seçimlərinə hörmət edilməsinə qəbul edilməsidir.
"Bununla belə biz II dünya müharibəsindən bu yana ən ciddi böhranla üzləşmişik. Biz iqtisadi təzyiqlərin, təhdidlərin və etirazlar, qeyri-sabitlik yaratmaq üçün həyata keçirilən gizli əməliyyatların şahidiyik. Belə bir vaxtda Şərq Tərəfdaşlığına sadiqliyi daha güclü, qətiyyətli şəkildə nümayiş etdirməyin vaxtıdır” - deyə Ştefan Füle vurğulayıb.
Aİ komissarı deyib ki, Brüssel bu istiqamətdə üzərinə düşəni edir. Artıq Moldova vətəndaşları Aİ ölkələrinə vizasız gedə bilər. Yaxın aylarda və ya həftələrdə Ukrayna ilə Assosiasiya sazişinin imzalanması proseduru başa çatacaq, Gürcüstan və Moldova ilə analoji saziş imzalanacaq: "Eyni zamanda biz Ermənistanla və Azərbaycanla birgə ambisiyalarımızda real irəliləyiş əldə etməyin və gələcəkdə Belarusla işləməyin də yollarını axtarırıq. Bizim Şərqi Avropadakı tərəfdaşlarımız çətin keçmiş yaşayıblar və onların başqa gələcəyə malik olmaq haqları var. Və biz bu gələcəyin formalaşması üçün onlara kömək etməyə hazırıq”.
Xatırladaq ki, bir gün əvvəl Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov Aİ-nin Azərbaycanla Assosiasiya sazişi imzalamaq istədiyini, lakin Bakının bu təklifi rədd etdiyini demişdi. N.Məmmədovun sözlərinə görə, Aİ Azərbaycanın ərazi bütövlüyünü aydın şəkildə dəstəkləməkdən yayınır.
Budapeşt toplantısında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edib. O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı iqtisadiyyat olaraq Vışeqrad qrupu ölkələrinin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) ən iri ticarət tərəfdaşıdır. Ötən il "dördlük” və Azərbaycan arasında əmtəə dövriyyəsi 1 milyard dollar təşkil edib və artmaqda davam edir.
Nazirin sözlərinə görə, sevindirici haldır ki, tərəflər əmtəə dövriyyəsini diversiyalaşdıra bilib və nəinki ənənəvi energetika sektorunda, həm də kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq sahələrində imkanlardan yararlana biliblər. Həmçinin Azərbaycan qeyri-neft sektoru baxımından "dördlük” ölkələri üçün cəlbedici ölkədir.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi Aİ ilə qarşılıqlı razılaşdırılmış prioritetlərə və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasından ibarətdir.
Nazirin sözlərinə görə, "Cənub qaz dəhlizi”nin reallaşması üçün imkanlar yaratmaqla Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təminatı üzrə öhdəliklər götürüb: "Transanadolu və Transadriatik boru kəmərləri yaxın 4-5 ildə istismara veriləcək və Cənubi Avropada tərəfdaşların strateji enerji tələbatını təmin edəcək, Mərkəzi Avropaya ixracın gələcək həcmini müəyyən edəcək. "Şahdəniz 2” də Avropanın enerji infrastrukturu ilə qarşılıqlı əlaqələri artıracaq”.
.