
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılması mümkünlüyündən danışıb.
Yenizaman Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu Ermənistanda baş verən hadisələrlə bağlı Rusiya telekanallarında səslənən fikirlərə münasibət bildirərkən deyib.
"Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur", - o bildirib.
O qeyd edib ki, əgər dövlət telekanalları özlərində "Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarı görürlərsə, biz də reaksiya verməli və ən azı, onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq".
"Ölkəmizdə bu manqurtların proqramları da, onların ölkəyə girişi də çoxdan bağlanıb. Lakin onların dövlət kanalları özlərində Ermənistanın daxili işlərinə qarışmaq hüququ görürsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq", - Simonyan bildirib.
O, rusiyalı aparıcıları Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərərək atmosferi gərginləşdirən "degeneratlar" adlandırıb.
Simonyan izah edib ki, Ermənistanda vəziyyətin Rusiya ilə münasibətlərə təsir etdiyini deyən hər kəs "açıq-aşkar onların aparıcılarını dinləyir, həbs edilmiş erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı dəstəkləyən və özlərini onun dostları adlandıran hər kəs isə, böyük ehtimalla ondan zərflərdə pul alıb".
.