Vaqif Səmədoğlunun ölüm xəbərini mənə atam dedi. Bir ay idi ki, hərbi xidmətdə idim. Atam mənə baş çəkməyə gəlmişdi. Yenə də həmişəki kimi, söhbəti yazdığım şeirlərin üstünə gətirdim. Nədənsə mən atamla bir-birimizi yaxşı başa düşmürük. Amma onu bilirəm ki, o mənim bütün yazdıqlarımı oxuyur. Bir söz deməsə də, bunu bilirəm. Elə başa düşürdüm ki, yenə də söhbəti dəyişəcək. Amma bu dəfə bəzi şeirlərimdən parçalar dedi. Söhbət gəlib mənim hərbi xidmətdə olacağım müddətdə işıq üzü görəcək "Əsgərin kitabı” kitabımın üstünə çıxdı.

 

– Bilirsən, ata, bu kitabın da adını Vaqif baba qoydu. Ona "Əsgərim” şeirimi atmışdım, oxudu və dedi ki, bir kitab da dərc etdir, adını "Əsgərin kitabı” qoy.

 

– Allah rəhmət eləsin, – dedi atam.

 

Siqaret yandırdı. Mən isə ağladım. Doğrudan, ağladım. Dəqiq bilmirəm bu ağlamaq Vaqif babaya görə idi, yoxsa hərbi xidmətin ilk günlərindəki çətinliklərə tablamağın zorundan və başqa şəxsi problemlərimin içimdə düyünləşmiş, qat bağlamış mənəvi ağrılardan idi. Amma səssiz ağlamağımın, dodaqlarımın titrəməsinin, göz yaşlarımın kirpiklərimi boğacaq kimi suya qərq olmasının fərqindəydim…

 

İndi o gündən 3 ay vaxt keçib…

 

…2010-cu ilə qədər yatsam, yuxuma da girməzdi ki, xalq şairi Vaqif Səmədoğlunu real həyatda tanıyacam. Əl tutub görüşəcəyik, ərklə mənimlə – nəvəsi yaşda birisilə zarafat edəcək, "nəvəm” deyəcək.

 

Yadımdadır. Onunla ilk söhbətimiz sosial şəbəkədə baş tutdu. Utana-utana, çəkinə-çəkinə yazdım, salam verdim. Salamımı aldı. "Vətən” adlı bir şeir yazmışdım, o şeiri paylaşdım və ustad şairi də işarələdim. İlk reaksiya da elə ustad şairdən gəldi:

 

"Yazdığınız şeir deyil. Amma kimsə sizə yazma qadağası da qoya bilməz. Mən bildiyimə görə, atanız da şairdir. Ya atanıza, ya da şeirdən anlayışı olan birinə şeiriniz göstərin, redaktə etsin, bəzi məsləhətlər versin”.

 

Cavab yazmadım. "Oxuyubsa, demək, geniş ürək sahibidir”, – deyə düşündüm.

 

Sonra ikinci koment gəldi: "Əgər istəsəniz, şeirlərinizdən bir neçəsini mənə atın, vaxtım olduqca baxaram”.

 

Elə də etdim. Mən şeirləri Feysbukda Vaqif müəllimin mesaj qutusuna atırdım. O isə mənə məsləhətlər verir, tələb edirdi ki, düzəlişlər edim. Bəzi misralarda isə sözləri digər sözlə əvəzləyirdi. Bir neçə ay beləcə yazışmalarımız, şeirləşməmiz davam etdi.

 

Getdikcə şeirlərimi bəyəndiyini hiss edirdim. Mövzular verirdi. Bax, bu mövzuda yaz. Bir növ, master-klass keçirdi mənə.

 

Şeirlərimin dərc olunmasına da o icazə verdi. "Ulduz” jurnalında və bir çox ədəbi portallarda yayınlandım.

 

Bir dəfə isə "artıq kitab haqda fikirləşməlisən”, – dedi və gələcək kitabıma "O” adını qoydu. Artıq bunun da reklamı ilə məşğul olurdum. Portallarda "gənc şair Tural Balabəylinin nəşr olunacaq "O” kitabından seçmələr” adı ilə şeirlərim dərc edildi.

 

Bu arada bir neçə yazar yeni kitabına "O” adını qoydu. Bu, Vaqif babanın acığına gəldi. Məni danladı, "niyə bu adı gündəmə gətirdin?”  – dedi.

 

2014-cü ildə professor, böyük insan, gözəl şair, atamın dostu Elçin əmi (İsgəndərzadə) mənim kitabımı hədiyyə olaraq dərc etdi. Kitabın adını yenə də Vaqif Səmədoğlu qoydu: "Bütün kişiləri mən biləcəksən”.

 

Kitabımda onun haqqımda yazdığı söz də yer aldı: "Tural ədəbiyyatda mənim sonbeşik nəvəmdir”.

 

Məni bir neçə dəfə bağına çağırmışdı. Şəhərdə də görüşürdük. Asta səsi ilə məsləhətlər verirdi. Mən özümü, doğrudan da, onun yanında nəvə kimi hiss edirdim. Səhhətindəki amansız ağrılar gücləndikdə isə görüşlərimiz ancaq Feysbuk səhifəsində oldu. Son dəfə dekabrın 21-də yazmışdım:

 

– Baba, əsgər gedirəm.

 

İlk dəfə mənə "şair” deyə müraciət etdi:

 

– Yolun açıq olsun, əsgərlik şeir yazmağa bənzəməz, şair, amma şeir yazdırar…

 

– Toyum olanda da belə demişdiz..

 

– Hə, evlilik də şeir yazmağa bənzəməz…

 

– Məni yola salacaqsız?

 

– Yox.

 

 Niyə?

 

– Səhhətim əl vermir. Sən qayıdanda qarşılayaram.

 

– Söz?

 

– Tural, Allah mənə verdiyi ömrüm qədər  hərbi xidmətdən gəlməyini gözləyəcəm. Taledir, yaşayırıq.

 

– "Əsgərim” şerini oxudunuzmu?

 

– Baxdım. Azərbaycan əsgərini daha qüdrətli təsvir edə bilərdin. Gecdir, mən çıxım.

 

 Sağ ol, baba.

 

Gəncədən zəng vurdum. Danışdıq. "Tibb məntəqəsindəyəm”, –dedim. Ağrıyırdı. "İstəyirsən zəng edim, səni hospitalın rəisinə tapşırım”, – dedi. Razı olmadım. Onda dedi ki, kitabının adını "Əsgərin kitabı” qoy. Bu danışıqdan  7 gün sonra isə dünyasını dəyişibmiş…

 

Mənə söz vermişdi. "Sənin toyunda Bakıda olmadım, oğlunun toyunda olacam”, – demişdi həm də…

 

Vaqif babam sözünü tutmadı.

Müəllif: Tural Balabəyli
.