Balıq emalı ilə məşğul olan müəssə cəzalandırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Karona LTD” MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, soyuq hisə verilmiş "Seven fish” nişanlı balıq məmulatları ГОСТ 11482-96 standartının tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunur. Soyuq hisə verilmiş siyənək və farel balıqlarının gigiyenik və uyğunluq sertifikatları yoxdur. Həmçinin istehsalda istifadə olunan duzun saxlanma şəraitinə riayət olunmur və müəssisədə sanitariya normaları pozulur.
Bundan başqa istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçirilməmiş istifadə olunur. Həmçinin emal olunan məhsulların etiketdə saxlanma müddəti normativ sənədə uyğun göstərilməyib. Belə ki, məhsulun yararlılıq müddəti normativ sənəd üzrə maksimum 2 ay olduğu halda bütün məhsulların üzərində 3 ay qeyd olunur.
Aşkar olunmuş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib. "Karona LTD” MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.
.
