
Sentyabrın 18-də Böyük Britaniya torpağı Şotlandiyada müstəqillik referendumu keçiriləcək.
Seçicilərin yarıdan çoxu müstəqilliyə səs verəcəyi təqdirdə Şotlandiya 2016-cı il martın 24-də Böyük Britaniyadan ayrılacaq.
"Media forum” saytının məlumatına görə, tarixi mənbələr Şotlandiyada dövlətin eramızın 843-cü ilində yaradıldığını göstərir. Şotlandiya 1707-ci ildən İngiltərə ilə qanunla rəsmiləşdirilmiş ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir, lakin onların səlahiyyəti təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, ətraf mühitin mühafizəsi və sair məsələlərlə məhdudlaşır.
Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.
32 vilayətə (bələdiyyəyə) bölünən Şotlandiyanın paytaxtı Edinburq şəhəridir.
.