Hollandiya, Belçika və İtaliya şirkətləri Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 17 faizinə iddia edir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda "Te Nea” adlı yunan qəzeti yazıb. Söhbət SOCAR-ın bu şirkətdən aldığl səhm paketinin 17 faizindən gedir.
İddiaçılar arasında Belçikanın "Fluxys”, Hollandiyanın "Gasunie”, habelə İtaliyanın "İnfrastrutture Trasporto Gas” və "Snam Rete Gas” şirkətlərindən gedir.
SOCAR tenderdə qalib gələrək DESFA şirkətinin səhmlərinin 66 faizini 400 milyon avroya 2013-cü ildə alıb. Azərbaycanın dövlət neft şirkətinin maliyyə durumu bərbad olan yunan qaz kəmərləri operatorunun səhmlərinin üçdə ikisini almaqda məqsəd Cənub Qaz Dəhlizi ilə Yunanıstan üzərindən qaz nəqlində əlverişli mövqelərə malik olmaq idi.
Lakin Avropa Komissiyası hələ sövdələşməni təsdiqləməyib. Üstəlik Yunanıstanda hökumət dəyişəndən sonra Afina şirkətin üçdə ikisinin SOCAR-a satışına qarşı çıxmağa başlayıb. Yunanıstan hökuməti bildirir ki, DESFA-nın səhmlərinin ancaq 49 faizini SOCAR-a satmağa hazırdır.
Bu isə SOCAR üçün tamamilə qeyri-sərfəlidir. Çünki DESFA şirkətini almaqda məqsəd təkcə Yunanıstanın energetika sektoruna investisiya qoymaq deyildi. İnvestisiya baxımından bu şirkəti almaq əslində elə də cəlbedici perspektivlər vəd etmir.
SOCAR üçün məsələ daha çox siyasidir və şirkətin nəzarət səhm paketini əldə edərək Cənub Qaz Dəhlizində öz mövqelərini möhkəmləndirmək istəyir. Avropa Komissiyası isə hesab edir ki, DESFA-nın səhmlərinin üçdə ikisinin SOCAR-a satılması antiinhisar qaydalarının pozulmasına gətirib çıxaracaq. SOCAR Yunanıstan qaz bazarında inhisarçı mövqelər əldə edəcək.
Beləliklə, məsələ dalana dirənib və bu günlərdə Yunanıstanın enerji naziri Panos Skurletislə "SOCAR Energy Greece” şirkətinin rəhbəri Anar Məmmədov arasında görüşdə Azərbaycan şirkətinin DESFA-dakı payının 66 faizdən 49 faizə salınması müzakirə olunub. Qalan 17 faizi isə Avropa şirkətlərinə satmaq nəzərdə tutulur.
Bildirilir ki, bu, Avropa Komissiyasının tələbidir. Brüssel bildirir ki, şirkətin nəzarət səhm paketi Avropa İttifaqına üzv olmayan ölkəyə keçə bilməz. Gözlənilir ki, DESFA-nın 17 faizlik səhminin potensial alıcıları ilə SOCAR və Afina arasında danışıqlar yaxın həftələrdə başlayacaq.
.