Siyasi partiyanın ləğvinə dair prosedur dəyişir.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihəyə əsasən, siyasi partiya bu Qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş hallarda (bu Qanunun 3.11-ci maddəsi nəzərə alınmaqla ( Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri kimi siyasi partiyaya tətbiq edilmir)) siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:

- siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda (Bu tələblərə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması daxildir):

- 5000 üzv tələbinin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında və hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırılmadığı hallarda:

- Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etməsi halında:

- dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda.

Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olması halında partiyanın ləğvi siyasi partiyaya qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir. Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır. Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Mülki Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla ilə tənzimlənir.

Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb ləğv olunub

Siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb aradan qaldırılıb.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapmayıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.

.