Şirvan Aşıq sənətinin davamçısı, tanınmış sənətkar Aşıq Rza, “Xətai Fondu” tərəfindən təsis edilmiş “Türk Dünyası Dostluq Ordeni” ilə təltif olunub. Bu mühüm hadisə Azərbaycan Aşıqlar Birliyində xüsusi təqdimat mərasimi ilə qeyd olunub. Təqdimat mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbəri, professor Məhərrəm Qasımlı və “Xətai Fondunun” aparat rəhbəri, AMEA-nın aparıcı elmi işçisi Şahin Bağırov iştirak edərək mükafatı Aşıq Rzaya təqdim ediblər.

Mərasim zamanı professor Məhərrəm Qasımlı çıxış edərək Aşıq Rzanın Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan, Şirvan Aşıq sənətinin qorunub saxlanılmasında və inkişaf etdirilməsindəki xidmətlərindən danışıb. O qeyd edib ki, Aşıq Rza nəinki Azərbaycanda, həmçinin Türk dünyasında böyük nüfuza malikdir və onun yaradıcılığı mədəni birliyi daha da möhkəmləndirir.

Şahin Bağırov isə çıxışında “Xətai Fondunun” Türk dünyasında birliyi və mədəniyyətin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq, bu təltifin Aşıq Rzanın yaradıcılığına verilən böyük dəyər olduğunu vurğulayıb. O, Aşıq sənətinin mədəniyyətimiz üçün əhəmiyyətini qeyd edib və bu irsin gələcək nəsillərə çatdırılmasında Aşıq Rza kimi sənətkarların misilsiz xidmətlərini yüksək qiymətləndirib.

Təltif olunma münasibəti ilə çıxış edən Aşıq Rza, bu mükafatı almaqdan qürur duyduğunu bildirib və sənətinə göstərilən diqqətə görə təşəkkürünü ifadə edib. O vurğulayıb ki, bu cür təltiflər sənətkarlara ruh yüksəkliyi bəxş edir və onların gələcək fəaliyyətləri üçün böyük stimul olur.

Bu tədbir bir daha göstərdi ki, Aşıq sənəti Azərbaycan və Türk dünyası mədəniyyətində özünəməxsus mövqeyə malikdir və onun yaşadılması, inkişaf etdirilməsi hər zaman diqqət mərkəzindədir.

 

     

.