
ARDNŞ-in Gürcüstanın ucqar dağ kəndlərini uğurla qazlaşdırması, bu günlərdə qonşu ölkədə qazlaşdırmanın daha da genişləndirilməsinə dair hökumətlə yeni müqaviləni razılaşdırması haqda xəbərlər Azərbaycanın Ermənistanla sərhəd Şınıx bölgəsinin sakinlərində qıcıq doğurub.
Virtualaz.org saytı xəbər verir ki, buna səbəb heç də Şınıx sakinlərinin Azərbaycan qazına isinən gürcü kəndlilərinə paxıllıq etməsi deyil.
Xəbərlərə görə, ARDNŞ-in törəmə şirkəti "SOCAR Georgia Gas” bu günlərdə Gürcüstan hökuməti ilə qazlaşdırmaya dair yeni müqaviləni razılaşdırıb. Şirkətdən bildirildiyinə görə, üç il ərzində yerinə yetirilməsi nəzərdə tutulan müqavilə artıq paraflanıb və razılaşma” SOCAR Georgia Gas”ın Gürcüstanın qazpaylayıcı sisteminə yatırdığı investisiyaların həcminin 250 milyon dollara çatdırılmasını nəzərdə tutur.
Şirkətin abonentlərin sayı isə 250 minə çatdırılacaq. Plana görə, şirkət təkcə gələn il Gürcüstanı qazlaşdırmağa 25 milyon dollar yatıracaq.
Şübhəsiz ki, Azərbaycan şirkətinin Gürcüstan bazarında mövqelərini möhkəmləndirməsi yaxşı xəbərdir, SOCAR-ın xarici ölkələrdə investisiyalarının artması onun qlobal miqyaslı enerji şirkətinə çevrildiyini göstərir.
Ancaq təəssüf ki, belə xəbərlərlə Ermənistanla sərhəd Şınıx sakinlərini sevindirmək hələlik mümkün deyil. Səbəb isə primitivdir: ARDNŞ bu bölgədə 2010-cu ildə prezident İlham Əliyevin göstərişi ilə başlatdığı qazlaşdırmanı yarımçıq qoyub.
Bölgənin 20-dən çox kəndi olsa da cəmi 3 kəndi qazlaşdırandan sonra işləri dayandırıb. Şınıxın Zamanlı, Arabaçı, Mor-Mor və digər kəndlərinin sakinləri ARDNŞ rəhbərliyinə, digər instansiyalara dəfələrlə müraciətlər edərək prezidentin göstərişi ilə başladılan qazlaşdırma işinin davam etdirilməsini xahiş ediblər. Ancaq faydası olmayıb.
Nəticədə bölgə sakinləri sərt qış aylarında evlərini isidə bilmək üçün tükənməkdə olan meşələri ucdantutma qırmalı olur, bir maşın odunu 250-300 manata alır.
İndi ARDNŞ-in Gürcüstanda qazlaşdırmanın yeni mərhələsinə başlamağa hazırlaşdığı haqda xəbəri internetdən öyrənən Şınıx sakinlərindən biri redaksiyamıza müraciət edərək cənab Rövnəq Abdullayevə bu ritorik sualı ünvanlayır və xahiş edir ki, saytımız vasitəsilə onun sualını çatdıraq: "Hörmətli Rövnəq müəllim, bəs biz adam deyilik? Yaxud Azərbaycan qazına qızınmaq üçün gürcü olmalıyıq?”
Hər halda tutarlı sualdır və ümid edirik ki, ARDNŞ rəhbərliyi Şınıx bölgəsində yarımçıq qalan qazlaşdırmanın sonrakı taleyi ilə bağlı sakinlərə tutarlı izahat verəcək.
Xatırladaq ki, Azərbaycanın bölgələrində qazlaşdırmanın ləng getdiyi haqda preziden İlham Əliyev də bir neçə ay əvvəl Nazirlər Kabinetinin müşavirəsində danışıb, ARDNŞ-in bu sahədə fəaliyyətini "dözülməz” adlandırıb.
.